Almaniyanın ən böyük aviaşirkəti "Lufthansa Group" xərcləri azaltmaq məqsədilə genişmiqyaslı struktur dəyişikliyi həyata keçirməyə hazırlaşır.
"PostMedia"nın Alman mediasına istinadən verdiyi məlumata görə, şirkətin baş direktoru Karsten Şpor daxili toplantıda idarəetmə xərclərinin 20 % azaldılacağını bildirib.
Bu qərar, hazırda 15 min inzibati işçidən təxminən 3 min nəfərin işdən çıxarılması deməkdir. Ümumilikdə isə "Lufthansa Group"da 103 minə yaxın əməkdaş çalışır.
Məsələ ilə bağlı rəsmi açıqlama hələ verilməsə də, işdən çıxarılmalarla bağlı detallı məlumatın 29 sentyabrda keçiriləcək "Kapital Bazarı Günü" çərçivəsində ictimaiyyətə təqdim olunacağı gözlənilir.
Mütəxəssislər hesab edirlər ki, bu addım yalnız "Lufthansa" daxilində qənaət tədbiri deyil, həm də Avropanın digər böyük hava yolu şirkətləri üçün nümunə ola bilər.
Xüsusilə pandemiyadan sonrakı dövrdə artan işçi və logistika xərcləri aviasiya sektorunu daha sərt iqtisadi qərarlar qəbul etməyə məcbur edir.