N/A°C Bakı
1$ = 1.70₼
Sosial təminat

“Kontakt Home”dan ŞİKAYƏT: Məhsul xarab çıxsa da, geri qaytarılmır – FOTOLAR

01-iyul-2025
Admin
“Kontakt Home”dan ŞİKAYƏT: Məhsul xarab çıxsa da, geri qaytarılmır – FOTOLAR
Yazı Ölçüsü:

“Kontakt Home” mağazalar şəbəkəsindən robot tozsoran alan müştəriyə xarab məhsul satılsa da, şirkət məhsulu geri götürməkdən imtina edir.

PostMedia” Bakues.az-a istinadən xəbər verir ki, bununla bağlı Bəylər Adıgözəlzadə adlı vətəndaş üzləşdiyi problemi bildirib.

O, bu ilin may ayında “Kontakt Home” mağazalar şəbəkəsindən XİAOMİ markalı robot elektrik süpürgə aldığını və 3 gün sonra tozsoranın naqilinin partladığını bildirib:

“Valideynim son anda uzaqlaşmasaydı, bədbəxt hadisə də ola bilərdi. Mən məhsulu 1 gün sonra mağzaya apardım və hadisəni izah etdim. Əməkdaşlar servisə göndərəcəyini və həll olunacağını bildirdilər. Servisə getməzdən öncə 14 gün keçmədiyi üçün məhsulu geri qaytarmaq istədiyimi bildirdim, heç bir problem olmadığını və servisin rəyi gəldikdən sonra geri qaytaracaqlarını bildirdilər. Uzun çəkən gözləmədən sonra ekspert rəy göndərdi və rəydə belə yazır “Cihazın 220 kabelində qüsur var”. Bu rəyə əsasən 30 AZN naqil dəyişmə haqqını mənə ödətdirib, məhsulu da qaytarmayacaqlarını bildirdilər. Mən dəfələrlə (20-30 dəfədən çox irad və təkliflər bölməsinə müraciət etmişəm) müraciət etməyimə baxmayaraq, bu cümlədən başqa heç bir açıqlama verilməyib və məhsulu geri qaytarmayacaqlarını bildiriblər.

Ən gülməli hal isə odur ki, may ayından “Kontakt Home” mağazasında qalan bu məhsula görə bizim adımıza gecikmə hesablanır. Mütəxəssislər bildirir ki, məhsul sizdə olmasa belə pulunu ödəməlisiniz, ödəmirsizsə faiz hesablayırıq. Mən bu məhsulu istəmirəm. Naqili 2 gündə partlayan məhsulu mənim səhvimmiş kimi geri qaytarmaq istəmirlər. Mən valideynimə dəymiş zərəri qoymuşam bir kənara, 1 aydan çoxdur *6060 ilə danışıram heç bir faydası da yoxdur. Hətta mən 30 AZN cəriməni də qəbul etdim ki, ödəyirəm kabeli dəyişin məhsulu istəmirəm, geri qaytarıram. Valideynim qorxub istifadə etmək istəmir, yaşlı qadındır”.

Şikayətçi qeyd edib ki, istifadə edə bilmədiyi məhsula görə “Kontakt Home” ödəniş tələb edir. Hətta ödəniş edilmədiyi üçün əlavə faiz də hesablayır.

“Əməkdaşın biri mənə istehzalı şəkildə “Siz məhsulu qaytarmaq istəsəniz belə naqilini dəyişdikdən sonra 14 gün keçmiş olacaq və qaytara bilməyəcəksiniz” deyərək zəngi sonlandırdı. “Kontakt Home” mağazalar şəbəkəsinin bu cür özbaşınalığı və saymamazlığı nə vaxta kimi davam edəcək?!” – B. Adıgözəlzadə iradını bildirib.

Kateqoriyalar