Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Qurban bayramı ilə bağlı yeni bir qərar açıqlayıb.
"PostMedia" xəbər verir ki, bu qərar Şuranın bugünkü iclasında yekdilliklə qəbul edilib.
Fətvaya görə, Şamaxı Astrofizika Rəsədxanasının məlumatına əsasən, Azərbaycan üfüqündə Hilalın göründüyü tarixə uyğun olaraq, Qurban bayramı Zül-hiccə ayının 10-u, Miladi təqvimlə 6 iyun tarixində qeyd olunacaq. Şəriət qaydalarına uyğun olaraq, qurban kəsmə mərasimləri iyunun 6-dan başlayaraq ardıcıl üç gün davam etdirilə bilər.
Xatırlatmaq yerinə düşər ki, Qurban bayramı ilə bağlı şəriət qaydalarına əsasən, Məkkənın Mina ərazisində həcc ziyarətini həyata keçirən zəvvarlar üçün qurban kəsmək vacibdir. Digər yerlərdə isə maliyyə imkanı olan şəxslər üçün qurban kəsmək bəyənilmiş sünnət əməli sayılır. Qurban ətinin fəqirlərə və ehtiyacı olan ailələrə paylanması isə böyük savab hesab olunur.
Adətən qurbanlıq olaraq qoyun seçilir, lakin keçi, inək və dəvə də qurbanlıq heyvan kimi istifadə edilə bilər. Qurbankəsmə mərasimi yüksək sanitariya və təmizlik şəraitində, uyğun yerlərdə həyata keçirilməlidir. Şəriət qaydalarına görə, qurbanlıq heyvan sağlam və kəsimə yararlı olmalıdır; xəstə, arıq və qüsurlu heyvanlar qurbanlıq üçün uyğun sayılmır. Heyvanların yaş həddi də önəmlidir: keçi və qoyun ən azı bir il, inək və öküz iki il, dəvə isə beş il yaşında olmalıdır. Qurbanlıq heyvanın üzü qibləyə çevrilərək, Allahın adı ilə və Qurban niyyəti ilə kəsilməsi vacibdir.
Qurbanlıq ət əsasən üç hissəyə bölünməlidir: bir hissə qurban sahibinə, digər hissə fəqir və kasıb ailələrə, üçüncü hissə isə qohum və yaxınlara hədiyyə olaraq paylanması tövsiyə edilir.
6 iyun tarixində məscidlərdə Bayram namazları qılınacaq. Qeyd edək ki, Azərbaycanda 6 və 7 iyun tarixləri Qurban Bayramı münasibətilə qeyri-iş günü olaraq elan ediləcək.