Depressiya əlamətlərini dərmansız yüngülləşdirməyin sadə yolu tapılıb — rəqs terapiyası
30-oktyabr-2025
Türkan Nəbi
Yazı Ölçüsü:
Şərqi Finlandiya Universitetinin alimləri müəyyən ediblər ki, rəqs depressiya simptomlarını azalda, onun səbəblərini anlamağa və şəxsi inkişafı stimullaşdırmağa kömək edə bilər.
"PostMedia" xəbər verir ki, tədqiqatın nəticələri Narrative Works jurnalında dərc olunub.
Professor Tommi Tolmunenin sözlərinə görə, depressiya cəmiyyət üçün ciddi sağlamlıq problemidir və əlavə terapiya üsullarına böyük ehtiyac var. “Bədən hərəkəti faydalıdır, lakin ifadəvi elementlərin – məsələn, rəqsin – daxil edilməsi prosesi daha cəlbedici və dərin edir".
Rəqs bədəndə stress hormonları olan kortizol və noradrenalinin səviyyəsini azaldır, dopaminin – yəni zövq və motivasiya hormonunun – ifrazını artırır. Bundan əlavə, o, insanın bədənini daha yaxşı hiss etməsinə və sözlə ifadə olunması çətin olan emosiyaları hərəkətlərlə göstərməsinə imkan yaradır.
Tədqiqatda yüngül və orta dərəcəli depressiyası olan yeddi yeniyetmə iştirak edib. Onlar “arzuladıqları gələcəyi” əks etdirən rəqslə rəqəmsal tamaşa hazırlayıblar. Bunun üçün improvizasiya və 3D hərəkət tutma texnologiyası istifadə olunub ki, iştirakçılar özlərini kənardan görə və vəziyyətlərini dərk edə bilsinlər.
Nəticələr göstərib ki, layihədə iştirak depressiya əlamətlərini azaldıb, özünə inamı artırıb və iştirakçılara bədən emosiyalarını daha yaxşı anlamağa kömək edib. Əsas rol oynayan amillər isə etimad mühiti, qrup dəstəyi və mənsubiyyət hissi olub.
Tədqiqatın müəlliflərindən dosent Hanna Poxyola qeyd edib ki, depressiya zamanı insan bədənini “duymaq” qabiliyyətini itirir:
“Rəqs vasitəsilə iştirakçılar bədənləri ilə əlaqəni bərpa etdilər və öz ‘mən’lərini yenidən hiss etdilər.”
Alimlərin fikrincə, rəqsin psixoterapiya proqramlarına daxil edilməsi depressiyadan əziyyət çəkən insanlar üçün yeni və ümidverici istiqamət ola bilər.