Qadınlar doğuş zamanı ən çox “Coldplay”, “The Beatles”, “Ed Sheeran” və “Fleetwood Mac” kimi ifaçıları dinləyirlər.
”PostMedia” xəbər verir ki, uşaq arabaları istehsal edən “iCandy” brendi “Spotify”da 1800 doğuş musiqi siyahısını araşdıraraq anaların hansı mahnılara üstünlük verdiyini müəyyən edib.
Ən populyar mahnı “Coldplay” qrupunun “Fix You” əsəridir. Qrupun digər mahnıları da siyahılarda ümumilikdə 140 dəfə yer alıb.
”Ed Sheeran” ikinci yerdə qərarlaşıb, “Fleetwood Mac” və “The Beatles” isə üçüncü yeri bölüşüblər.
Bildirilir ki, xüsusilə “Here Comes the Sun” mahnısı tez-tez seçilənlər arasındadır. Nora Cons, Con Leqend, Teylor Svift və Elton Con kimi sənətçilərin mahnıları da doğuş siyahılarında geniş yer tutur.
Alimlərin sözlərinə görə, musiqi yalnız analara deyil, həm də ana bətnindəki körpələrə təsir göstərir. Klassik melodiyalar dölün ürək döyüntülərini yavaşladır və onun inkişafını stimullaşdıra bilər.
Tədqiqatda 36 hamilə qadın iştirak edib. Onlara Kamil Sen-Sansın “Qu quşu” və Abundio Martínezin meksikalı gitara əsəri “Arpa de Oro” səsləndirilib. Dölün ürək döyüntüləri miniatür monitorlar vasitəsilə izlənilib.
Alimlər müəyyən ediblər ki, musiqi dölün ürək döyüntülərini daha sabit və proqnozlaşdırıla bilən edir. Meksika Milli Ürək İnstitutunun həkimi Klaudia Lermanın sözlərinə görə, bu, dölün avtonom sinir sisteminin inkişafını stimullaşdıra bilər.
Hər iki əsər müsbət təsir göstərsə də, meksikalı gitara melodiyası ürək döyüntülərində ən nəzərəçarpacaq dəyişikliklərə səbəb olub.