Kolon xərçəngi digər xərçəng növlərindən fərqlənən unikal “mikrob izi”nə malik ola bilər.
"PostMedia" xəbər verir ki, bu barədə tibbi "Science Translational Medicine" jurnalında dərc olunan yeni araşdırma göstərib.
Alimlər 9000-dən çox xəstənin genom məlumatlarını təhlil edərək müəyyən ediblər ki, onlarla onkoloji xəstəlik arasında yalnız yoğun bağırsaq şişləri davamlı şəkildə xarakterik mikrob birliklərinə malikdir.
Bu kəşf əvvəllər mövcud olan təsəvvürə meydan oxuyur. Əvvəllər hesab edilirdi ki, hər xərçəng növünün özünəməxsus mikrob “imzası” var. Lakin məlum olub ki, məhz kolon xərçəngi özünəməxsus və tanına bilən mikrob quruluşu ilə seçilir. Üstəlik, bu mikrob birləşmələri o qədər spesifikdir ki, həkimlərə xəstəliyi daha dəqiq diaqnoz qoymağa və onu digər şişlərdən fərqləndirməyə kömək edə bilər.
Bunu anlamaq üçün vacib bir məqam var: şişlər yalnız xərçəng hüceyrələrindən ibarət deyil. Onların daxilində bakteriyalar və viruslar kimi mikroorqanizmlər də yaşayır. Uzun müddət bu mikroorqanizmlərin rolu kifayət qədər qiymətləndirilmirdi. Lakin indi aydın olur ki, onlar təkcə xərçənglə “birgə yaşamır”, həm də onun inkişafına, aqressivliyinə və hətta xəstənin müalicəyə reaksiyasına təsir göstərə bilər.
Araşdırma göstərib ki, bəzi bakteriyaların mövcudluğu daha pis proqnozla əlaqəli ola bilər, digərləri isə daha müsbət nəticələrlə əlaqələndirilir. Bu isə o deməkdir ki, bakteriyalar yeni biomarkerlərə çevrilə bilər və həkimlərə xəstəliyin gedişini proqnozlaşdırmağa və daha uyğun müalicə seçməyə kömək edə bilər.
Bundan əlavə, şişin DNT analizləri gizli infeksiyaları da üzə çıxara bilər. Məsələn, xərçəngin yaranmasında rol oynaya bilən, lakin adi diaqnostika zamanı aşkar edilməyən viruslar müəyyən edilə bilər. Bu isə xəstəliyin erkən aşkarlanması və tibbi müdaxilə üçün yeni imkanlar yaradır.