“Araz”dan alınan şirniyyatda həyat üçün real təhlükə – içindən plastik qapaq çıxdı
12-yanvar-2026
Türkan Nəbi
Yazı Ölçüsü:
Bakı, Nəsimi rayonu, Tbilisi prospektində yerləşən “Araz Supermarket”dən alınan şirniyyat sadəcə dadlı deyil, həm də ciddi təhlükə mənbəyi oldu.
"PostMedia" xəbər verir ki, jurnalist Fuad Mədətovun aldığı “Portağallı şəkərpərə” şirniyyatının içindən kauçuk plastik qapaq çıxıb. Bu yad cisim jurnalistin nəfəs borusuna düşüb və xoşbəxtlikdən hər hansı xoşagəlməz hadisə yaşanmayıb.
Qapağın xüsusiyyətləri onu qida məhsullarında istifadə olunmayan, əksinə maz və krem preparatlarının qapağı olduğunu göstərir:
Ağ plastikdən hazırlanıb, dərman qablaşdırmalarında çox yaygındır;
Qısa və qalın silindrik formadadır;
Bir tərəfi bağlı, digər tərəfi açıqdır;
İç hissəsi nəfəs borusuna keçmək üçün ideal quruluşa malikdir.
Belə qapaqlar əsasən dermatoloji və antibiotik mazlarda, həmçinin yanıq və yara üçün nəzərdə tutulmuş preparatlarda istifadə olunur.
Hadisə təkcə yad cismin məhsuldan çıxması deyil – bu elementar sanitariya və təhlükəsizlik qaydalarının kobud şəkildə pozulmasının göstəricisidir. İstehlakçının həyatı bir anlıq laqeydlik və məsuliyyətsizlik nəticəsində təhlükəyə atılıb.
Maraqlı suallar hələ də açıq qalır:
Maz qapağı şirniyyatın içərisinə necəsə necə düşüb?
İstehsalçı müəssisədə gigiyena və nəzarət sistemi varmı?
“Araz Supermarket” satışa çıxardığı məhsulları necə yoxlayır?
Bu, ilk hadisədir, yoxsa sadəcə ilk dəfə ictimailəşir?
Bu hadisə onu göstərir ki, istehlakçılar xəbərdar edilməli, müəssisələr isə ciddi şəkildə məsuliyyət daşımalıdır, bir şirniyyat saniyələr içində ölümcül təhlükəyə çevrilə bilər.