İngilis alimləri yeni arıqladıcı dərman hazırlayıblar
24-oktyabr-2025
Türkan Nəbi
Yazı Ölçüsü:
Bristol Universitetinin alimləri İngilis "Oxford Medical Products" şirkəti tərəfindən hazırlanmış yeni çəki itirmə həbi "Sirona"nın klinik sınaqlarının ümidverici nəticələrini açıqlayıblar.
"PostMedia" xəbər verir ki, preparat altı ay ərzində hormonal müdaxilələrə və ya sərt pəhrizlərə ehtiyac olmadan orta hesabla bədənin çəkisini 13,5% qədər azaltmağa kömək edir. Bu nəticələr Obesity tibbi jurnalında dərc olunmuş tədqiqatla təsdiqlənib.
"Sirona" təhlükəsiz ikili polimer materialdan hazırlanmış innovativ hidrojel əsaslı həbdən ibarətdir. Həbi qəbul etdikdən sonra material mədədə genişlənərək toxluq hissi yaradır. Bu təsir gündəlik 400 kalori qəbulunu azaltmağa imkan verir. Alimlər bildirir ki, yan təsirlər minimum səviyyədə qalır.
"GLP-1" hormonuna əsaslanan məşhur inyeksiya dərmanlarından (məsələn, Ozempic və Mounjaro) fərqli olaraq "Sirona" hormonal sistemə təsir etmir, ürəkbulanma yaratmır və tibbi nəzarət tələb etmir.
Tədqiqatın rəhbəri professor Ceym Brayn vurğulayıb ki, bu yeni yanaşma çəki itirmənin mövcud metodlarına əlçatan və təhlükəsiz alternativ ola bilər. Həb yalnız piylənmədən əziyyət çəkənlər üçün deyil, həm də çəkini qorumaq və ya hormon terapiyasının dayandırılmasından sonra əldə olunan nəticələri saxlamaq istəyən insanlar üçün istifadə oluna bilər.