Gürcüstanda 11 illik məktəb təhsilinə qayıdış müzakirə olunur.
"PostMedia" xəbər verir ki, bu barədə Gürcüstanın təhsil naziri Givi Mikanadze məlumat verib. Onun sözlərinə görə, 12 illik sistemdən 11 illik tədris modelinə keçid yalnız geniş ictimai müzakirələr və maraqlı tərəflərlə razılaşdırmadan sonra həyata keçirilə bilər.
Nazir bildirib ki, artıq Təhsil, Elm və Gənclər Nazirliyində bu keçidlə bağlı ilkin işlər başlayıb. Təhsil sahəsində yeni yanaşmalar mövcud milli dəyərlər nəzərə alınmaqla formalaşdırılacaq. Mikanadze qeyd edib ki, ötən il hazırlanmış “Ümumi təhsilin milli məqsədləri” sənədi bu proses üçün əsas hüquqi baza rolunu oynayır.
Yaxın günlərdə fənlərin yeni standartlarının ictimai müzakirəsinə start veriləcək. Bundan sonra ekspert qrupları formalaşdırılacaq və yeni dərsliklərin hazırlanmasına başlanılacaq. Bu dərsliklər bütün ölkə üzrə vahid standartla tətbiq olunacaq.
Qeyd edək ki, Gürcüstanda 12 illik təhsil sistemi 2005-ci ildə tətbiq edilib və həmin vaxt uşaqların 5 yaşında məktəbə qəbul qərarı da qüvvəyə minib. Lakin 2014-cü ildən etibarən məktəb yaşı 6 olaraq müəyyənləşdirilib.
Hazırda ölkədə 2 294 məktəb fəaliyyət göstərir, onların 2 086-sı dövlət, 208-i isə özəldir. Hər il orta hesabla 40 min şagird məktəbi bitir. Yeni islahat paketinin yaxın vaxtlarda hökumət tərəfindən təqdim ediləcəyi gözlənilir.