Rusiya Prezidenti Vladimir Putin ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan telefonla danışıb.
"PostMedia" xəbər verir ki, bu barədə məlumatı Kremlin mətbuat xidməti yayıb.
Məlumata görə, liderlər ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər, ticarət-iqtisadi əlaqələrin genişləndirilməsinin və enerji sahəsində strateji layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıblar.
Telefon danışığı zamanı həmçinin Ukrayna ətrafındakı vəziyyət müzakirə edilib, o cümlədən ABŞ-ın təklif etdiyi sülh təşəbbüsləri kontekstində. Vladimir Putin bildirib ki, tanış olduqları təkliflər Alyaskada keçirilmiş Rus-Amerikasammitində müzakirə olunan prinsiplərə uyğundur və yekun sülh razılaşması üçün baza ola bilər.
Rəcəb Tayyib Ərdoğan isə müzakirələrdə tam dəstək verməyə hazır olduğunu və bu məqsədlə İstanbul platformasının fəaliyyətini davam etdirəcəyini bildirib.
Tərəflər həmçinin Ukrayna məsələsi üzrə fərqli səviyyələrdə rus-türk dialoqunu fəallaşdırmaq barədə razılığa gəliblər. Ərdoğan həmçinin Yohannesburqda keçirilmiş Böyük 20-liyin sammiti və digər ölkə liderləri ilə görüşlərin nəticələrini paylaşıb.
Kremlin məlumatında qeyd olunub ki, prezidentlər müntəzəm əlaqələrin qorunması barədə razılığa gəliblər.