Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko ABŞ prezidenti Donald Tramp tərəfindən hazırlanmış 28 bəndlik sülh planının tam mətnini açıqlayıb.
"PostMedia" xəbər verir ki, sənəd Ukraynanın təhlükəsizliyi, siyasi statusu, ərazi məsələləri, iqtisadi bərpa və beynəlxalq münasibətlər kimi bir sıra sahələri əhatə edir.
Plana əsasən, Ukraynanın suverenliyi təsdiqlənir, ABŞ tərəfindən müəyyən şərtlərlə təhlükəsizlik zəmanətləri verilir. Sənəd həmçinin ölkənin Konstitusiyasında NATO-ya üzvlükdən imtinanın və “vətənpərvərlik blokdan kənar statusun” rəsmən təsbit edilməsini nəzərdə tutur. Silahlı Qüvvələrin sayı məhdudlaşdırılır, Ukraynanın qeyri-nüvə statusu saxlanılır.
Sənədə görə, Krım, Donetsk və Luqansk de-fakto Rusiya ərazisi kimi tanınır. Xerson və Zaporojye regionlarına isə təmas xətti boyunca “dondurulmuş status” verilir. Bundan əlavə, Rusiya tərəfindən faktiki nəzarət olunan demilitarizasiya olunmuş bufer zona yaradılması təklif olunur. Hər iki tərəf sərhədlərin güc yolu ilə dəyişdirilməməsi öhdəliyini götürür.
Plana əsasən, NATO qoşunlarının Ukrayna ərazisində yerləşdirilməsi qadağan edilir. NATO qırıcıları yalnız Polşada yerləşdirilə bilər. ABŞ və Rusiya arasında təhlükəsizlik üzrə birgə işçi qrupunun yaradılması, həmçinin Rusiyanın hücuma yol verməyəcəyinə dair hüquqi öhdəlik götürməsi nəzərdə tutulur.
Sənəd Ukraynanın bərpası üçün investisiya paketinin yaradılmasını, dondurulmuş Rusiya aktivlərindən 100 milyard dollarlıq resursun ayrılmasını nəzərdə tutur. Bu vəsaitlərin əldə olunan mənfəətinin 50%-i ABŞ-yə çatacaq. Avropa İttifaqı tərəfindən əlavə 100 milyard avroluq dəstək və Ukrayna İnkişaf Fondunun yaradılması da planın tərkib hissəsidir.
Plana Rusiya Federasiyasına qarşı sanksiyaların mərhələli şəkildə ləğvi, G8 formatına qaytarılması və ABŞ ilə uzunmüddətli iqtisadi əməkdaşlıq daxildir.
Plana əsirlərin “hamı hamıya” prinsipi ilə dəyişdirilməsi, ailələrin birləşdirilməsi və təhsil sistemində tolerantlıq proqramlarının tətbiqi daxildir.
Sənəd Zaporojye AES-in MAQATE nəzarəti altında işə salınmasını nəzərdə tutur. Stansiyanın istehsal edəcəyi elektrik enerjisinin 50%-i Ukrayna, 50%-i Rusiya arasında bölünəcək. ABŞ Ukraynanın qaz infrastrukturu bərpasına dəstək göstərəcək.
Sülh sazişi imzalandıqdan 100 gün sonra ölkədə seçkilərin keçirilməsi və münaqişə iştirakçılarının tam amnistiyası planlaşdırılır.
Sülh planına əməl edilməsinə Trampın rəhbərlik edəcəyi “Sülh Şurası” nəzarət edəcək. Saziş imzalanan kimi atəşkəs qüvvəyə minəcək və tərəflərin öhdəlikləri pozduğu halda sanksiyalar nəzərdə tutulur.
Bundan əvvəl "Axios" və NBC ABŞ administrasiyasının yeni sülh planı üzərində işlədiyini, Trampın sənədi təsdiqlədiyini və həm Rusiya, həm də Ukrayna ilə danışıqlar apardığını yazmışdı. Prezident Vladimir Zelenski planı aldığını təsdiqləyib və yaxın günlərdə Tramp ilə müzakirə etməyə hazır olduğunu bildirib.



