Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyənin XİN rəhbəri Hakan Fidanın son açıqlamalarına cavab verib. Fidan bildirmişdi ki, Ankara ilə İrəvan arasında münasibətlərin hazırkı mərhələdə normallaşdırılması Ermənistanın Azərbaycanla sülh sazişi imzalamaq üçün əsas motivasiyasını azalda bilər.
"PostMedia"nın məlumatına görə, Mirzoyan “Armenpress”in sorğusuna cavab olaraq deyib ki, Ermənistan üçün həm Türkiyə ilə diplomatik münasibətlərin qurulması və sərhədlərin açılması, həm də Azərbaycanla əldə olunan sülhün institusional şəkildə möhkəmləndirilməsi vacibdir.
O qeyd edib ki, İrəvan hər iki istiqamətdə “səmimi səylər göstərir”, lakin bu iki proses bir-biri ilə şərtlənmir:
“Əgər onların arasında səbəb-nəticə əlaqəsi axtarsaq, mümkündür ki, Türkiyə ilə münasibətlərin tam normallaşması Azərbaycanla nizamlanma prosesinə mənfi yox, əksinə, müsbət təsir göstərsin.”
Nazir həmçinin avqustun 8-də Vaşinqtonda keçirilmiş sülh zirvəsində nəqliyyat-kommunikasiya bağlantılarının açılması ilə bağlı razılaşdırılmış əsas prinsipləri xatırladıb:
ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, suverenlik, yurisdiksiya və qarşılıqlılıq.
Mirzoyanın sözlərinə görə, TRIPP adlı yeni marşrut həm Azərbaycanın Naxçıvanla birləşməsini, həm də Ermənistanın digər ölkələrə çıxışını təmin edəcək və regionda daha geniş əlaqə imkanları yaradacaq.
Ermənistan bu layihənin “mümkün qədər tez həyata keçirilməsi” üçün çalışdığını bildirib.