"Dünən 86 milyonluq xalqımızı dərin yasa boğan çox acı bir xəbər aldıq.
Qarabağ Zəfərinin 5-ci ildönümü münasibətilə Azərbaycanda olan birliyimizi daşıyan C130 tipli hərbi yük təyyarəmiz, ölkəmizə qayıtmaq üçün havaya qalxdıqdan qısa müddət sonra Gürcüstan–Azərbaycan sərhədinə yaxın Siğnaği bölgəsində qəzaya uğradı.
Uca Allah şəhidlərimizin məkanını cənnət, məqamlarını ali etsin...
Qəlbimizdəki yanğını ifadə etmək, əlbəttə ki, mümkün deyil".
"PostMedia" xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Gürcüstan ərazisində qzəaya uğrayan təyyarə ilə bağlı paylaşımında qeyd edib:
"86 milyonluq xalqımızın hər birinə, əziz şəhidlərimizin kədərli ailələrinə və Türk Silahlı Qüvvələrimizə səbir və başsağlığı diləyirəm.
Bu acı hadisə yalnız millətimizi deyil, həmçinin Azərbaycanlı qardaşlarımızı və Gürcü dostlarımızı da dərin kədərə qərq edib. Hadisə bütün yönləri ilə araşdırılır.
Gürcüstan rəsmiləri bu prosesdə ən yüksək səviyyədə lazım olan bütün dəstəyi və əməkdaşlığı göstərirlər. Azərbaycanlı qardaşlarımız da eyni şəkildə hər cür yardımı və dəstəyi təmin edirlər.
Millətim bundan əmin olsun: Türkiyə Respublikası dövləti ilə birlikdə Gürcüstan və Azərbaycanın bütün imkanları qəhrəmanlarımız üçün səfərbər edilib.
Sahədəki işlər anbaan izlənilir.
Hadisənin bütün tərəfləri ilə aydınlaşdırılması üçün zəruri araşdırmalar böyük diqqət və dəqiqliklə aparılacaq.
Xalqımızdan yalan, manipulyasiya və dezinformasiyalara qarşı ayıq olmalarını xüsusilə xahiş edirəm; xüsusən sosial mediada bu cür faciəni çirkin siyasi məqsədlər üçün istifadə edəcək qədər alçalanlara əsla imkan verməsinlər.
Bir daha şəhidlərimizə Allahdan rəhmət diləyirəm.
Mesaj göndərərək və ya telefonla başsağlığı verən, kədərimizi paylaşan bütün dost və qardaş ölkələrə təşəkkürümü bildirirəm"-deyə Türkiyə Lideri əlavə edib.