Finlandiya prezidenti Putinə və Trampa yeni görüş təklifi irəli sürüb
03-noyabr-2025
Turan Hüseynli
Yazı Ölçüsü:
Finlandiya prezidenti Aleksander Stabb bildirib ki, ABŞ və Rusiya liderləri Donald Tramp və Vladimir Putin noyabrın sonunda Yohannesburqda keçiriləcək G20 sammitində görüşə bilərlər.
"PostMedia" "Yle" nəşrinə istinadən xəbər verir ki, bu barədə o, Helsinkidə keçirilən Milli Müdafiə Kursunun açılış mərasimində çıxışı zamanı deyib.
Stabb həmçinin qeyd edib ki, sammitdə Ukrayna prezidenti Volodimir Zelenski də iştirak edə bilər və bu, onun Putinə görüşmək üçün fürsət yarada bilər.
Finlandiya lideri çıxışında strateji silahlar və nüvə təhlükəsizliyi məsələlərinə də toxunub:
“Biz yeni nüvə dövrünə daxil olmuşuq və təəssüf ki, bu dövrdə nüvə silahının rolu artır".
O, təhlükəsizlik məsələlərinin vacibliyini qeyd edərək xatırladıb ki, Tramp oktyabrın 30-da ABŞ-nin nüvə sınaqlarını bərpa edəcəyini bəyan edib. Tramp bunu Rusiya və Çin kimi digər ölkələrin də oxşar sınaqlar keçirməsi ilə əsaslandırıb.
Xatırladaq ki, Rusiya oktyabrın 26-da “Burevestnik” adlı nüvə mühərrikli qanadlı raketin, 29 oktyabrda isə “Poseydon” adlı nüvə sualtı torpedonun sınağını elan edib. Kremlin sözçüsü Dmitri Peskov isə bildirib ki, “Burevestnik” sınağı “nüvə partlayışı” hesab edilmir.
Son aylarda Rusiya və ABŞ liderlərinin yeni görüşü barədə müzakirələr gedir. Oktyabrın 16-da Putin və Tramp Budapeştdə görüşmək barədə razılığa gəlmişdilər, lakin Tramp bir həftə sonra görüşü ləğv etmişdi, bunu “uyğun olmayan qərar” adlandıraraq.
Daha sonra Putin oktyabrın 23-də bildirib ki, görüş ləğv edilməyib, sadəcə təxirə salınıb. noyabrın 2-də Peskov qeyd edib ki, görüş qısa müddətdə təşkil oluna bilər, lakin hazırda buna “zərurət yoxdur”.
"Financial Times" yazıb ki, Vaşinqton sammiti təxirə salmaq qərarını Rusiya XİN rəhbəri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio arasında “gərgin” telefon danışığından sonra verib. Məlumata görə, Rubio Trampa bildirib ki, “Moskva dialoqa hazır deyil”, və bu, ABŞ Prezidentinin narazılığına səbəb olub.