ABŞ Maliyyə naziri Skott Bessent fevral ayında faydalı qazıntılar üzrə sazişin müzakirəsi zamanı Ukraynanın o vaxtkı iqtisadiyyat naziri, hazırda isə Baş nazir olan Yuliya Sviridenkoya səsini qaldırıb.
"PostMedia" xəbər verir ki, bu barədə "The New York Times" (NYT) mənbələrə istinadən xəbər verib.
Məlumata görə, videozəng zamanı Bessent Sviridenkoya bildirib ki, onun sövdələşmənin ABŞ şərtlərini qəbul etməsi üçün cəmi altı dəqiqəsi var, əks halda danışıqlar dayandırılacaq. Sviridenko isə sonradan söhbətin gərgin keçdiyini inkar edib.
Xatırladaq ki, Ukrayna Nazirlər Kabineti 1 mayda ABŞ-la yeraltı sərvətlər üzrə imzalanmış sazişin mətnini açıqlayıb, 12 mayda isə sənəd ratifikasiya olunub. Müqaviləyə əsasən, yaradılacaq ikitərəfli investisiya fonduna Kiyev yeni rüsum və faydalı qazıntıların hasilatı üzrə lisenziyaların gəlirlərinin 50 faizini yönəldəcək.
Sazişə görə, ABŞ və Ukrayna fondun idarəçiliyində bərabər səs hüququna malik olacaq. Müqavilə Kiyevin Vaşinqton qarşısında birbaşa borc öhdəliklərini nəzərdə tutmur. Fondun ilk 10 il ərzində dividend ödənilməyəcək, bütün gəlirlər isə Ukraynada yenidən investisiya olunacaq. İnvestisiyalar əsasən faydalı qazıntıların hasilatı, emalı və infrastrukturun inkişafına yönəldiləcək.