Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə hökumət saatı zamanı bildirib ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzv ölkələrinin öhdəliklərini yerinə yetirməməsi nəticəsində müstəqil olub.
"PostMedia" bu barədə “Новости-Армения”ya istinadən xəbər verir.
“2022-ci ildə başa düşdük ki, KTMT bizimlə bağlı öhdəliklərini yerinə yetirməyib, yerinə yetirmir və gələcəkdə də yerinə yetirməyəcək. O andan etibarən biz müstəqil olduq, çünki yalnız özümüzə güvənə biləcəyimizi anladıq”, – Paşinyan deyib.
Baş nazirin sözlərinə görə, KTMT-nin təhlükəsizlik sistemi bir “balon”dur: “O, heç bir şey deyildi, sadəcə dövlətimizin yaranmasının qarşısını almaq üçün bir alət idi”, – əlavə edib.
Paşinyan 16 iyulda bildirmişdi ki, Ermənistanın KTMT-dən çıxması, təşkilatda iştirakını müvəqqəti dondurmasından daha realdır. Eyni zamanda, o, Rusiya Prezidenti Vladimir Putin və baş nazir Mixail Mişustinlə şəffaf və səmimi münasibətlərə sahib olduğunu qeyd edib.
Əvvəllər Paşinyan demişdi ki, KTMT Ermənistan üçün problemlər yaradır.