Uitkoff ilin sonuna qədər vəzifəsini tərk edə bilər
30-sentyabr-2025
Admin
Yazı Ölçüsü:
ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq və Ukrayna üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff ilin sonuna qədər postunu tərk edə bilər.
"PostMedia" xəbər verir ki, bu barədə "The Times of Israel" məlumat yayıb.
Nəşrin məlumatına görə, onun komandasında artıq gələcək addımları müzakirə olunur. Uitkoff “hər şey üzrə xüsusi nümayəndə” adlandırılır, çünki missiyası həm Qəzzanı, həm də Ukraynanı əhatə edirdi.
Məlumatlara görə, o, Qəzzada danışıqlarda irəliləyiş əldə olunarsa, vəzifədən gedəcək.
Bu həftə Ağ ev Trampın bölgədə müharibəni dayandırmaq üçün 20 bəndlik planını təqdim edib. Plan dərhal atəşkəs, əsirlərin mübadiləsi, Qəzzanın demilitarizasiyası və müvəqqəti idarəetmə qurumlarının yaradılmasını nəzərdə tutur.
Uitkoff bildirib ki, bu plan Rusiya–Ukrayna münaqişəsinə də tətbiq oluna bilər. O, Trampın “hər yerdə sülh görmək istədiyini” deyib.
Onun istefasına həm də bir sıra qalmaqallar təsir edə bilər. Xüsusilə, Putinlə görüşdə protokol pozuntusu və oğlu ilə Qətər fondları arasındakı danışıqlar medianın diqqətini çəkmişdi. "Ağ Ev" iddiaları rədd etsə də, vəziyyət Uitkoff üçün imic riskləri yaradıb.
Uitkoff 2024-cü ilin noyabrında təyin olunmuşdu və onun səlahiyyət müddəti təqribən 130 günlə məhdudlaşır. Əlavə uzadılma variantı olsa da, diplomat artıq ilin sonuna vəzifəni tərk etməyə hazırlaşır.
Onun gedişi Tramp administrasiyasında Qəzzada gözlənilən sülh razılaşmasından sonra ilk böyük dəyişiklik ola bilər.