Beynəlxalq Valyuta Fondu (IMF) Ukrayna hökumətini 2027-ci ilə qədər xarici maliyyə ehtiyacının 65 milyard dollar olacağı proqnozunu qəbul etməyə inandırıb.
“PostMedia” xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Bu göstərici rəsmi Kiyevin əvvəlki 38 milyard dollarlıq qiymətləndirməsindən xeyli yüksəkdir.
Məlumata görə, razılaşma Kiyev ilə IMF arasında aparılan danışıqlardan sonra əldə olunub və rəqəm artıq Avropa Komissiyası ilə də bölüşülüb.
Yeni IMF kreditinin həcmi hələ rəsmi olaraq müzakirə edilməsə də, təxminən 8 milyard dollar ola biləcəyi qeyd olunur. Hazırda Ukraynanın 15,5 milyard dollarlıq proqramı mövcuddur və 2027-ci ildə başa çatacaq.
Ukrayna büdcəsinin təxminən 60%-i Rusiyaya qarşı müharibə xərclərinə yönəldilir. Kiyev pensiyalar, dövlət qulluqçularının maaşları və humanitar xərcləri qarşılamaq üçün Qərb müttəfiqlərinin dəstəyindən asılı vəziyyətdədir.
Ötən həftə Ukraynanın maliyyə naziri Sergey Marçenko bildirib ki, ölkə Rusiya ilə davam edən müharibə fonunda IMF-dən yeni dördillik kredit proqramı axtarır.
IMF və Ukrayna rəsmiləri hələlik bu məlumatı şərh etməyiblər.