İran Atom Enerjisi Təşkilatının rəhbəri Tehranın və Moskvanın “World Atomic Week” forumu çərçivəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsinə yönəlmiş sənədlər imzalamaq planlarını açıqlayıb.
"PostMedia" "Tasnim"ə istinadən xəbər verir ki, Moskvada jurnalistlərə açıqlama verən və beynəlxalq foruma rəhbərlik edən nümayəndə heyətinə başçılıq edən Məhəmməd Eslami bildirib ki, səfər çərçivəsində bir sıra zavodlara baş çəkiləcək, elmi və tədqiqat institutları ilə görüşlər keçiriləcək. Məqsəd tədqiqat və təhsil sahəsində qarşılıqlı əlaqələri gücləndirməkdir.
İranın nüvə elektrik stansiyalarının inkişafı vasitəsilə 20 min meqavat elektrik enerjisi istehsal etmək planlarından bəhs edən M.Eslami bildirib ki, bu istiqamətdə artıq iki hökumət arasında sazişlər imzalanıb və Rusiyaya həmin inkişaf prosesində müəyyən pay ayrılıb.
O həmçinin qeyd edib ki, hazırda Buşehr nüvə elektrik stansiyasının ikinci və üçüncü bloklarının tikintisi Rusiya tərəfindən həyata keçirilir.
İranın vitse-prezidenti vurğulayıb ki, layihə həm Tehran, həm də Moskva üçün prioritetdir. Onun sözlərinə görə, iki ölkə prezidentlərinin verdiyi önəm layihənin sürətlənməsinə səbəb olub. Davam edən danışıqlar isə bu birgə səylərin daha da asanlaşmasına və inkişafına kömək edəcək.
“World Atomic Week” beynəlxalq forum nüvə və əlaqəli sənayelərə həsr olunmuş ən böyük tədbirdir və sentyabrın 25-dən 28-dək Moskvada keçiriləcək. Tədbirdə nüvə proqramı inkişaf etdirən ölkələrin nümayəndələri, aparıcı dünya ekspertləri və böyük şirkətlərin rəhbərləri iştirak edəcək. Forum Rusiya nüvə sənayesinin 80 illiyinə həsr olunub.