Problemin həlli istiqamətlərindən biri – Xəzər dənizinin dayazlaşmasının səbəblərinin müəyyənləşdirilməsidir.
Rusiya Federasiyası və Azərbaycan hökumətləri Xəzər dənizində suyun çəkilməsi problemini həll etmək üçün birgə iş aparırlar.
"PostMedia" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin dünyanın aparıcı informasiya agentliklərinin rəhbərləri ilə görüşündə bildirib.
“Bu problem, şübhəsiz ki, çox ciddi, hətta desək, qlobal xarakter daşıyır. Biz Aral dənizi ilə bağlı faciəvi nümunələri bilirik və s. Bu səbəbdən də vaxtında koordinasiyalı tədbirlər görülməlidir. Hökumətə lazımi tapşırıqlar verilib. Mən bilirəm ki, Rusiya Federasiyasının hökuməti bu məsələ ilə bağlı Azərbaycan hökuməti ilə birlikdə çalışır və müxtəlif variantlar axtarılır. Burada əsas odur ki, tələsik hərəkətlər olmasın, amma eyni zamanda israrlı və davamlı fəaliyyət göstərmək lazımdır”, – deyə o bildirib.
Putin vurğulayıb ki, işin əsas istiqamətlərindən biri Xəzər dənizinin dayazlaşmasının səbəblərinin axtarılmasıdır.
“Biz bu səbəbləri müəyyənləşdirməliyik və bizdən asılı olan hər şeyi etməliyik ki, geriyə dönməz proseslərin qarşısını alaq. Biz bu istiqamətdə həmkarlarımızla birlikdə çalışırıq”, – deyə Rusiya Prezidenti əlavə edib.
O həmçinin qeyd edib ki, Rusiya və Azərbaycan logistika və istehsal, xüsusilə gəmiqayırma sahəsində birgə layihələr inkişaf etdirir.
“Bizim yaxşı layihələrimiz var – [beynəlxalq nəqliyyat dəhlizi] “Şimal-Cənub” və logistika sahəsində, həmçinin istehsal sahəsində, o cümlədən gəmiqayırmada bir neçə başqa yaxşı istiqamət var. Biz Bakı gəmiqayırma zavodunu öz sifarişlərimizlə yükləməyə hazırıq”, – deyə o bildirib.
Putin vurğulayıb ki, Azərbaycanla birgə layihələr “yaxşı məzmun”a malikdir.
“Ümid edirəm ki, biz hamısını həyata keçirəcəyik. Ümumiyyətlə, əgər Azərbaycan haqqında danışsaq, keçən il ərzində ticarət dövriyyəmiz 7% artıb. Məncə, bu pis göstərici deyil”, – deyə Rusiya Prezidenti əlavə edib.