ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Suriyadakı Amerika hərbi kontingentinin sayının azaldılmasına dair məlumatları nə təsdiqləyib, nə də təkzib edib.
“Müdafiə Nazirliyi mütəmadi olaraq qüvvələrin yerləşdirilməsini əməliyyat ehtiyaclarına və gözlənilməz vəziyyətlərə uyğun şəkildə yenidən tənzimləyir. Bu hərəkətlər ABŞ-ın müdafiə strategiyasının çevikliyini və təhlükəsizlik təhdidlərinin dəyişməsinə tez reaksiya vermək imkanını nümayiş etdirir,” – deyə Pentaqon nümayəndəsi TASS-ın "Deyr əz-Zor vilayətində yerləşən Koniko qaz yatağı yaxınlığındakı hərbi bazadan Amerika qüvvələrinin çıxarılmasına dair" sorğusuna cavab verib.
Pentaqon nümayəndəsi əlavə edib ki, “əməliyyat təhlükəsizliyi” səbəbindən bu mövzuda əlavə açıqlama verə bilməz. Ağ Ev və Dövlət Departamenti isə TASS-ın sorğusuna cavab verməyiblər.
Sky News Arabia telekanalı ABŞ Silahlı Qüvvələrinin Suriyadakı komandanlığının Deyr əz-Zor vilayətində xüsusi təyinatlı qüvvələrin çıxarılmasına başladığını bildirib. Onların məlumatına görə, amerikalı hərbçilərdən ibarət karvan Suriya ərazisindəki bazadan İraq Kürdüstanında yerləşən böyük ABŞ bazasına doğru hərəkət edib. Daha əvvəl isə Reuters agentliyi öz mənbələrinə istinadla məlumat verib ki, ABŞ yaxın həftələrdə Suriyadakı hərbi kontingentini təxminən 2 min hərbçidən 1 min nəfərə qədər azaldacaq.
Xatırladaq ki, 2015–2018-ci illərdə ABŞ Suriyanın kürdlərin nəzarətində olan bölgələrində 9 hərbi baza və 3 avanpost yaradıb. Bu bazalar Aleppo, Deyr əz-Zor, Rəqqa və Həsəkə vilayətlərində, həmçinin İraq və İordaniya ilə sərhəddə yerləşən Ət-Tanfdadır. Orada 2,2 min amerikalı hərbçi yerləşdirilmişdi və onlar “Suriya Demokratik Qüvvələri” (SDQ) adlı kürd birləşmələrinə dəstək verirdilər. Koniko qaz yatağı yaxınlığındakı baza 2017-ci ildə yaradılıb və Ət-Tanf rayonundan 23 km şimal-qərbdə yerləşir.
2025-ci il martın 10-da Dəməşqdə keçid dövrü üzrə Suriya prezidenti Əhməd əş-Şəraa və SDQ-nin hərbi rəhbəri Mazlum Abdi razılaşma imzalayıblar. Bu sənədə əsasən, kürd döyüşçüləri hökumət silahlı qüvvələrinin tərkibinə daxil ediləcək. Tərəflər həmçinin razılaşıblar ki, SDQ-nin nəzarətində olan Suriyanın şimal-şərqindəki ərazilərdə yerləşən bütün mülki və hərbi obyektlər, o cümlədən hava limanları, qaz və neft yataqları yeni Dəməşq administrasiyasının tabeliyinə keçsin.