Rusiya mayın 8-i saat 00:00-dan mayın 10-dək atəşkəs elan edir, döyüş əməliyyatlarını və Ukrayna ərazisinin dərinliklərinə zərbələri dayandırır.
"PostMedia" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi yerli KİV-lərə məlumat ötürüb.
Qurumun açıqlamasında bildirilir ki, Ukrayna atəşkəsi pozacağı təqdirdə adekvat cavab veriləcək. Nazirlik qeyd edib ki, Moskvada Qələbə Günü tədbirlərinə mane olmaq cəhdi olarsa, Kiyevin mərkəzinə kütləvi raket zərbəsi endiriləcək.
“Rusiya Federasiyasının Prezidenti, Rusiya Federasiyası Silahlı Qüvvələrinin Ali Baş Komandanı Vladimir Putinin qərarına əsasən, Böyük Vətən Müharibəsində sovet xalqının qələbəsinin 81-ci ildönümünün qeyd olunması günlərində - mayın 8-i saat 00:00-dan mayın 10-dək Rusiya tərəfi atəşkəs elan edir”, - deyə Rusiya Müdafiə Nazirliyi bildirib.
“Müəyyən olunmuş müddətdə xüsusi hərbi əməliyyat zonasında rus qoşunlarının bütün qruplaşmaları döyüş əməliyyatlarını tam dayandıracaq”, - məlumatda qeyd olunub.
“Eyni zamanda raket qoşunları və artilleriyanın, dəniz və hava bazalı uzaqmənzilli yüksək dəqiqlikli silahların, zərbə PUA-larının Ukrayna Silahlı Qüvvələrinin yerləşdiyi mövqelərə və Ukrayna ərazisinin dərinliyində yerləşən hərbi-sənaye kompleksi və silahlı qüvvələrlə əlaqəli infrastruktur obyektlərinə zərbələri dayandırılır”, - deyə qurum açıqlayıb.
“Ukrayna tərəfini bu nümunəyə əməl etməyə çağırırıq”, - Rusiya Müdafiə Nazirliyinin bəyanatında bildirilir.
“Ukrayna Silahlı Qüvvələri tərəfindən atəşkəsin pozulması, həmçinin Rusiya regionlarının yaşayış məntəqələri və obyektlərinə zərbə endirməyə cəhd göstərilməsi halında Rusiya Silahlı Qüvvələri adekvat cavab verəcək”, - açıqlamada vurğulanıb.
“Həmçinin xatırladırıq ki, Kiyev rejimi tərəfindən Moskvada Böyük Vətən Müharibəsində qələbənin 81-ci ildönümünün qeyd olunmasını pozmaq cəhdi olarsa, Rusiya Federasiyası Silahlı Qüvvələri Kiyevin mərkəzinə kütləvi raket zərbəsi endirəcək”, - Rusiya Müdafiə Nazirliyi bildirib.
“Bir daha Kiyevin mülki əhalisini və xarici diplomatik nümayəndəliklərin əməkdaşlarını şəhəri vaxtında tərk etməyin zəruriliyi barədə xəbərdar edirik”, - deyə Rusiya Müdafiə Nazirliyi qeyd edib.