Rusiyanın bütün qonşuları, hətta Avropa İttifaqına üzv olanlar belə, rus dəmir yollarından istifadə etməkdə maraqlıdır. Lakin əməkdaşlığın davamlılığını şübhə altına alan yeganə ölkə Ermənistandır.
"PostMedia" xəbər verir ki, bunu TASS agentliyinə müsahibəsində Rusiyanın baş nazirinin müavini Aleksey Overçuk bildirib.
Onun sözlərinə görə, rus şirkətinin Ermənistanda fəaliyyət göstərməsi ilə bağlı narahatlıqlar əsassızdır.
Overçuk xatırladıb ki, keçmiş Sovet İttifaqı ölkələrində dəmir yolu relslərinin eni eynidir – yəni1520 mm-dir. Bu isə texniki baxımdan sıx əməkdaşlığı zəruri edir və bu əməkdaşlıq siyasi deyil, əsasən texniki xarakter daşıyır.
“Qatar öz relslərindən kənara çıxa bilməz. Bizim bütün qonşularımız, o cümlədən bəziləri Avropa İttifaqı (Aİ) üzvü olan dövlətlər rus dəmir yolu şəbəkəsindən istifadə etməkdə və Rusiya Dəmir Yolları ilə əməkdaşlıqda maraqlıdırlar. Amma yalnız Ermənistan rəhbərliyi bu əməkdaşlığın davamlılığını sual altına qoyur”, – deyə Overçuk qeyd edib.
Onun sözlərinə görə, dəmiryolçular bir-biri ilə sıx əlaqələr saxlayır, tez razılaşmalar əldə etməyi bacarırlar və yeni marşrutlar hazırlaya bilirlər.
O, əlavə edib ki, Yerevan buna yaxın vaxtlarda şahid olub: 2025-ci ilin sonunda Azərbaycan Ermənistan istiqamətində yüklərin öz ərazisindən daşınmasına icazə verib.
Baş nazirin müavini bildirib ki, Ermənistan rəhbərliyi regionun ən böyük yükdaşıyıcısı olan Rusiyanın ölkədə mövcudluğunu “arzuolunmaz” adlandırıb. Onun sözlərinə görə, Ermənistan dəmir yollarının hazırkı konsessiya sahibi kimi Rusiya üçün bu iki qısa dəmir yolu hissəsinə investisiyaların rentabelliyi ilə bağlı suallar yaranır.
“Əminəm ki, Ermənistan rəhbərliyinin Rusiyanın yerinə görmək istədiyi istənilən başqa investor da eyni sualları verəcək. Hər halda, Ermənistanın konsessiyanı satmaq istədiyi dost ölkələr artıq bu barədə bizə suallar ünvanlayırlar. Biz də dostlarımızdan şübhələrimizi gizlətmirik”, – deyə Overçuk vurğulayıb.
Onun sözlərinə görə, "Cənubi Qafqaz Dəmir Yolu" şirkətinin konsessiyasını üçüncü tərəfə satmaq üçün obyektiv səbəblər yoxdur.
“Bizim üçün aydındır ki, “Cənubi Qafqaz Dəmir Yolu”nun konsessiyasını hansısa üçüncü tərəfə satmaq üçün obyektiv əsas yoxdur”, – deyə o bildirib.
Overçuk əlavə edib ki, Rusiyada adətən sözlərə deyil, hərəkətlərə əsasən qiymət verilir. Onun sözlərinə görə, əvvəlcə Ermənistanda özəl elektrik enerjisi şirkətinin əmlakı müsadirə edilib, indi isə dəmir yolu konsessiyası məsələsi qaldırılır.
Baş nazirin müavini hesab edir ki, Rusiya və Qazaxıstan yüklərinin Azərbaycan və Gürcüstan vasitəsilə dəmir yolu ilə Ermənistana daşınması bütün tərəflər üçün faydalıdır və bunu yük dövriyyəsinin artması da sübut edir.
“Rusiya Dəmir Yolları"nın mütəxəssisləri cəmi bir neçə gün ərzində Rusiya və Qazaxıstan yüklərinin Azərbaycan və Gürcüstan vasitəsilə Ermənistana çatdırılması barədə razılığa gəldilər. Otuz ildən sonra Ermənistana dəmir yolu ilə çatdırılan ilk taxıl yükü də Rusiyaya məxsus idi. İndi gübrə yükləri də gəlməyə başlayır və daşınan yüklərin çeşidi genişlənir”, – deyə Overçuk bildirib.
Onun sözlərinə görə, bu proses bütün tərəflər – Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstan üçün yeni gəlir mənbəyi yaradır.
Overçuk qeyd edib ki, Ermənistanın blokadadan çıxması bütün Cənubi Qafqazın inkişafı üçün vacibdir və bu prosesdə Rusiyanın iştirakı maraqlar balansını təmin edə bilər.
O, vurğulayıb ki, Ermənistanın açılması, Azərbaycanın iki hissəsi arasında rahat nəqliyyat əlaqəsinin yaradılması və Meğri istiqamətinin bərpası regionda sülhün təmin olunması baxımından əhəmiyyətlidir.
Baş nazirin müavini əlavə edib ki, Ermənistan dəmir yolları həm Türkiyə istiqamətindəki xətlər, həm də modernləşdirilən Bakı–Tbilisi–Qars dəmiryoluilə rəqabətdə olacaq.
Onun sözlərinə görə, İranda da alternativ nəqliyyat marşrutları inkişaf etdirilir və bu da regionda rəqabəti artırır.
Overçuk həmçinin Ermənistan dəmir yollarında sürətin aşağı olması barədə iddialarla razılaşmadığını bildirib. Onun sözlərinə görə, rus dəmiryolçularının 2008-ci ildə Ermənistana qayıdışından əvvəl orta sürət 26,4 km/saat idi, 2025-ci ildə isə 42,3 km/saata çatıb.
“Bildiyimizə görə, bu hazırda Qafqaz dəmir yolları arasında ən yüksək orta sürətdir”, – deyə o qeyd edib.
Overçuk əlavə edib ki, Ermənistanın dağlıq relyefi səbəbindən sürətin artırılması böyük investisiyalar tələb edir. Bu isə ya əlavə borclanma, ya da daha yüksək tariflər deməkdir.
“Daha yüksək tariflər isə həm yük, həm də sərnişin daşımalarının azalmasına gətirib çıxarır. Möcüzələr baş vermir – kim nə vəd edirsə etsin. Hər zaman investisiyalar və investorların vəsaitlərinin geri qayıdacağına inam lazımdır”, – deyə Rusiyanın baş nazirinin müavini bildirib.