Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Gürcüstanın Katolikos-Patriarxı II İliyanın vəfatı ilə bağlı pravoslav kilsəsinə və gürcü xalqına başsağlığı verib.
"PostMedia" Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, 93 yaşında martın 17-də vəfat edən II İliya uzun illər Gürcüstan Pravoslav Kilsəsinin rəhbəri olub. Onun ölüm səbəbi böyrək, ağciyər və ürək çatışmazlığı göstərilir.
Ərdoğan başsağlığı məktubunu Gürcüstanın baş naziri İrakli Kobaxidzeyə ünvanlayıb.
“Möhtərəm cənab Baş nazir, martın 17-nə keçən gecə Gürcüstanın Katolikos-Patriarxı II İliyanın vəfatı xəbərini dərin kədər hissi ilə öyrəndim. Türk xalqı və şəxsən öz adımdan mərhumun ailəsinə, Sizə, pravoslav kilsəsinə və gürcü xalqına səmimi başsağlığı verirəm”, – deyə məktubda qeyd olunub.
Gürcüstanda II İliyanın vəfatı ilə əlaqədar matəm elan edilib və bu, dəfn günü – martın 22-dək davam edəcək. Onun nəşi Sameba Kafedralına aparılıb və burada 24 saatlıq vida mərasimləri keçirilir.
Patriarx martın 22-də Sioni Kafedral Kilsəsində dəfn olunacaq. Bu qərarı Gürcüstan Pravoslav Kilsəsinin Müqəddəs Sinodu qəbul edib.
Yeni patriarx seçilənədək kilsəyə patriarx taxtının müvəqqəti icraçısı, mitropolit Şio Mujiri rəhbərlik edəcək.
II İliya Gürcüstan kilsəsinin 141-ci patriarxı olub və 1977-ci ildən etibarən bu vəzifəni icra edərək ölkə tarixində ən uzun müddət fəaliyyət göstərən dini lider kimi tanınıb.
