Rəsmi Ankara İsrailin hərəkətlərini beynəlxalq hüququn və Livanın suverenliyinin açıq şəkildə pozulması adlandırıb və xəbərdarlıq edib ki, bu müdaxilə Yaxın Şərqi yeni bir humanitar fəlakətə sürükləyə bilər.
"PostMedia" xəbər verir ki, Türkiyə XİN müdaxiləni "ən kəskin şəkildə" pisləyib, bunun regionda qeyri-sabitliyi artırdığını və davam edən sülh səylərinə zərbə vurduğunu qeyd edib.
Xarici İşlər Nazirliyi Baş nazir Benyamin Netanyahunu soyqırımı və kollektiv cəzalandırma siyasətini davam etdirməkdə, bu dəfə isə onu Livana yaymaqda ittiham edib. Bəyanatda deyilir: "Netanyahu hökuməti tərəfindən həyata keçirilən soyqırımı və kollektiv cəzalandırma siyasəti bu dəfə Livanda tətbiq olunmaqla regionda yeni humanitar fəlakətə yol açacaq".
Nazirlik quru əməliyyatını Livanın ərazi bütövlüyünün aşkar şəkildə pozulması kimi qiymətləndirib və Türkiyənin Beyrutla həmrəy olduğunu bir daha təsdiqləyib: "Suverenliyi və ərazi bütövlüyünü pozan bu hücumlar qarşısında Livanla həmrəyliyimizi yenidən bəyan edirik".
XİN həmçinin vurğulayıb ki, bu hücum artıq mövcud olan qeyri-sabit vəziyyəti daha da pisləşdirərək regionu daha təhlükəli mərhələyə itələyir. Qeyd olunub ki, İsrailin yeni hücum dalğası Yaxın Şərqdə gərginliyi artırır və sülh cəhdlərinə fəal şəkildə mane olur.
