İranın xarici işlər naziri Abbas Araqçi ABŞ ilə nüvə danışıqları aparmaq məqsədilə diplomatik nümayəndə heyətinə rəhbərlik edərək Omanın paytaxtı Maskata yollanıb.
"PostMedia" xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi məlumat verib.
Onun sözlərinə görə, danışıqlar nüvə məsələsi ətrafında ədalətli, qarşılıqlı şəkildə qəbul edilə bilən və səmimi anlaşmaya nail olmaq məqsədi daşıyır.
“Biz diplomatiyadan istifadə edərək İran xalqının maraqlarını qorumaq və regionda sülh və sabitliyi saxlamaq üçün mövcud olan hər bir imkanı əldən verməməyə məsuliyyət daşıyırıq”, – deyə XİN sözçüsü vurğulayıb.
Bəqayi həmçinin bu prosesin formalaşmasında məsuliyyətli və maraqlı rol oynayan bütün dost qonşu və regional ölkələrə təşəkkür edib. O, ABŞ tərəfinin də danışıqlarda məsuliyyətli, realist və ciddi şəkildə iştirak edəcəyinə ümid etdiklərini bildirib.