ABŞ və İran arasında nüvə danışıqları cümə günü Omanda keçiriləcək.
"PostMedia" xəbər verir ki, bu barədə "Axios"un müxbiri Barak Ravid ərəb mənbəyə istinadən məlumat verib.
“ABŞ və İran arasında danışıqların, gözlənildiyi kimi, cümə günü Omanda baş tutması planlaşdırılır”, – deyə Ravid sosial şəbəkələrdə yazıb.
Onun sözlərinə görə, Tramp administrasiyası İranın danışıqların Türkiyədən Omana köçürülməsi ilə bağlı xahişini qəbul edib.
Ravid qeyd edib ki, Omanda keçiriləcək danışıqlara regionun ərəb və müsəlman ölkələrinin qoşulub-qoşulmayacağı ilə bağlı müzakirələr hələ də davam edir.
Daha əvvəl İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirmişdi ki, ABŞ-la nüvə danışıqlarına hazırlıq işləri İran prezidentinin göstərişlərinə uyğun şəkildə aparılır.
“Danışıqların planlaşdırılması tamamlanıb və yekun yerin müəyyənləşdirilməsi üçün məsləhətləşmələr davam edir. Bu yer yaxın zamanda elan olunacaq”, – deyə Bəqayi IRNA-ya bildirib.
XİN sözçüsü əlavə edib ki, Türkiyə və Oman, eləcə də regionun digər ölkələri danışıqlara ev sahibliyi etməyi təklif ediblər.
Media məlumatlarına görə, İranın xarici işlər naziri Abbas Araqçi cümə günü İstanbulda ABŞ prezidentinin elçisi Stiv Uitkoff və ABŞ prezidentinin müşaviri Cared Kuşner ilə görüşəcək.
The Jerusalem Post-a danışan mənbələr bildiriblər ki, danışıqlara yüksək vəzifəli rəsmilər – ehtimal ki, Qətər, Misir, Səudiyyə Ərəbistanı, Oman və Türkiyənin xarici işlər nazirləri də qoşulacaqlar.
Axios öz mənbələrinə istinadən yazıb ki, Tehran danışıqların yerinin və formatının dəyişdirilməsini tələb edib.
Bu mənbələrə görə, İran görüşün İstanbuldan Omana köçürülməsini istəyir.
Bundan əlavə, İran ABŞ-la birbaşa ikitərəfli danışıqların aparılmasının tərəfdarıdır və bir neçə müsəlman ölkəsinin iştirakına qarşıdır.
Tehran və Vaşinqton artıq danışıqların beş raundunu keçiriblər. Altıncı raund isə hələ baş tutmayıb, çünki İsrail, daha sonra isə ABŞ 2025-ci ilin iyununda İrana aviazərbələr endirib.