ABŞ dövlət katibi Marko Rubio “Beynəlxalq sülh və rifah naminə Trampın yolu” proqramı üzrə Ermənistan–ABŞ icra çərçivəsinin dərc olunmasına dair birgə bəyanata münasibət bildirib.
"PostMedia" xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında məlumat verib.
“Bu gün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və mən "Beynəlxalq sülh və rifah naminə Trampın yolu" layihəsinin həyata keçirilməsinə dair çərçivə sənədi haqqında bəyanatla çıxış etdik.
Sənədin əsasında 5 ay əvvəl ABŞ prezidentinin himayəsi altında Ermənistan və Azərbaycan arasında keçirilmiş tarixi sülh sammitində götürülmüş öhdəliklər dayanır.
Trampın yolu ticarət, tranzit və enerji axınları sahəsində Cənubi Qafqazın potensialını reallaşdırmağa imkan verəcək, bütün regionda rifah və təhlükəsizliyə təkan verəcək”, — deyə ABŞ dövlət katibi yazıb.
Xatırladaq ki, yanvarın 13-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ dövlət katibi Marko Rubio ilə görüşüb. Bu barədə nazirliyin mətbuat xidməti məlumat verib.
Daha sonra Ermənistan XİN “Beynəlxalq sülh və rifah naminə Trampın yolu” (TRIPP) proqramı üzrə Ermənistan–ABŞ icra çərçivəsinin dərc olunmasına dair birgə bəyanatı yayımlayıb. Bəyanatın mətni Ermənistan Respublikası və Amerika Birləşmiş Ştatları hökumətləri tərəfindən ictimaiyyətə təqdim olunub.