ABŞ İranla danışıqlara hazırdır – Yaxın Şərq üzrə xüsusi elçinin müavini
23-dekabr-2025
Turan Hüseynli
Yazı Ölçüsü:
ABŞ İranla birbaşa danışıqlara hazırdır və Tehranı "diplomatiya əlini" qəbul etməyə çağırır.
"PostMedia" xəbər verir ki, bu barədə ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi elçisinin müavini Morqan Ortequs BMT Təhlükəsizlik Şurasının iclası zamanı bəyan edib.
"Birləşmiş Ştatlar əvvəlki kimi İranla rəsmi danışıqlara hazırdır, lakin bu, yalnız Tehranın birbaşa və məzmunlu dialoqa hazır olacağı təqdirdə mümkündür", — deyə Ortequs bildirib.
O, həmçinin qeyd edib ki, ABŞ prinsipial olaraq İranda uranın zənginləşdirilməsinə qarşı çıxır. Danışıqların özü isə qeyri-ictimai xarakter daşımalıdır.
Tramp daha əvvəl bildirmişdi ki, son Amerika zərbələrindən sonra İranın nüvə proqramını yenidən işə salması üçün illər lazım olacaq.
Xatırladaq ki, İsrail iyunun 13-nə keçən gecə İranı gizli hərbi-nüvə proqramı həyata keçirməkdə ittiham edərək ona qarşı əməliyyata başlayıb. Hava bombardmanlarının və diversiya qruplarının reydlərinin hədəfi atom obyektləri, generallar, tanınmış nüvə fiziklərı və aviabazalar olub.
İran ittihamları rədd edərək öz hücumları ilə cavab verib. Tərəflər 12 gün ərzində qarşılıqlı zərbələr endiriblər. Bu prosesə ABŞ da qoşulub və iyunun 22-nə keçən gecə İranın nüvə obyektlərinə birdəfəlik hücum təşkil edib. Bundan sonra İslam Respublikası iyunun 23-ü axşam saatlarında ABŞ-nin Qətərdəki "Əl-Udeyd" bazasına raket zərbələri endirib və bəyan edib ki, İran tərəfi gərginliyi daha da artırmaq niyyətində deyil.
ABŞ Prezidenti Donald Tramp bundan sonra ümidvar olduğunu bildirib ki, Qətərdəki Amerika hərbi bazasına endirilən zərbə ilə İran "buxarını çıxarıb" və indi Yaxın Şərqdə sülh və razılıq yolu mümkündür. O, həmçinin elan edib ki, İsrail və İran atəşkəs barədə razılığa gəliblər və bu razılaşma 24 saatdan sonra "12 günlük müharibənin rəsmi dayandırılması" statusunu almalı idi.