İran Prezidenti ABŞ-ın danışıqlar şərtlərini "alçaldıcı" adlandıraraq rədd edib
18-dekabr-2025
Amin Şükür
Yazı Ölçüsü:
İran Prezidenti Məsud Pezeşkian bəyan edib ki, ABŞ danışıqların davam etdirilməsi üçün "alçaldıcı şərtlər" qoyur və İran bunları qəbul etməyəcək. O qeyd edib ki, İran nə alçaldılmağa, nə də zəifliyə dözməyəcək.
"PostMedia" xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.
Prezident bu bəyanatı çərşənbə günü Tehranda siyasi elitanın nümayəndələri, görkəmli xadimlər və partiya katibləri ilə görüşü zamanı səsləndirib.
Ölkəyə qarşı tətbiq edilən sanksiyalar barədə danışarkən o qeyd edib ki, İran əvvəllər ABŞ ilə danışıqlar aparıb və razılığa gəlməyə hazır olub, lakin Vaşinqton müharibəyə əl ataraq sövdələşməni pozub. İran Prezidenti əlavə edib ki, ABŞ indi danışıqların bərpası üçün alçaldıcı şərtlər təklif edir və o, bunları qəbul etməyə hazır deyil. Pezeşkian vurğulayıb ki, İran alçaldılmağa dözməyəcək və zəif, parçalanmış ölkə statusu ilə razılaşmayacaq.
Pezeşkian İranın qarşıdurmaya can atmadığını vurğulayaraq bildirib ki, Tehran dəfələrlə nüvə bombası hazırlamadığını bəyan edib və hər cür yoxlamaya hazırdır.
Lakin o qeyd edib ki, qarşı tərəf İranı bütün güc elementlərindən məhrum etməyə və ölkəni "sionist rejim" (İsrail) qarşısında zəiflətməyə çalışır. Pezeşkian əlavə edib ki, İran sülh tərəfdarıdır, lakin hədə-qorxu ilə danışılmasını qəbul etməyəcək. İranın xarici siyasət yanaşmasını təsvir edərkən o, ləyaqətli iştirak ilə məcburetmə və qorxudulma arasında kəskin fərq qoyub.
Pezeşkian bildirib ki, əgər qarşı tərəf həqiqətən nüvə silahından narahatdırsa, İran danışıqlara hazırdır. Eyni zamanda o vurğulayıb ki, İranın müdafiə məqsədli raket imkanları barədə hər hansı müzakirəni qətiyyətlə rədd edir. O əlavə edib ki, İran administrasiyası sülh, regional sabitlik və qonşu ölkələrlə əməkdaşlığa can atır, lakin alçaldıcı addımları qəbul etməyəcək.