Azərbaycan Prezidenti “Polis haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununu təsdiq edib.
“PostMedia” xəbər verir ki, polisin sosial müdafiəsini gücləndirmək məqsədi ilə qanunun 39-cu maddəsinə 2 bənd əlavə edilib.
"Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə aşağıdakı vəsaitlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) xəzinə hesabına köçürülür:
1) polis orqanları tərəfindən istintaqı aparılan cinayət işləri və cinayət təqibi ilə bağlı digər materiallar üzrə cinayət nəticəsində dövlətə vurulmuş ziyanın ödənilməsi üçün ibtidai araşdırma dövründə dövlət büdcəsinə köçürülmüş vəsaitin 5 faizi;
2) polis orqanları tərəfindən istintaqı aparılan cinayət işləri üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə müəyyən edilmiş qaydada şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün dövlət büdcəsinə edilmiş ödənişdən daxil olan vəsaitin 5 faizi.
IV. Bu maddənin III hissəsində nəzərdə tutulmuş vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur”.