Naxçıvana dron hücumu ilə bağlı araşdırmanın nəticəsi gözlənilir
19-mart-2026
Admin
Yazı Ölçüsü:
İranın Naxçıvan Muxtar Respublikasının ərazisinə pilotsuz uçuş aparatları ilə hücumu hərtərəfli araşdırılır.
"PostMedia" xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov Ər-Riyadda region ölkələrinin XİN başçılarının Yaxın Şərqdə təhlükəsizlik və sabitliyə dəstək məsələlərinə həsr olunmuş məşvərət görüşündə bildirib.
“Azərbaycan tərəfi İranın vəd etdiyi kimi insidentin hərtərəfli araşdırılmasına, həmçinin Tehranın gələcəkdə bu cür halların təkrarlanmaması üçün zəruri tədbirlər görəcəyinə ümid edir”, – deyə nazir bildirib.
Müzakirələr zamanı C.Bayramov fevralın 28-dən etibarən regionda yaranmış ciddi böhranın təxirəsalınmadan həll edilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, eskalasiyanın nəticələri yalnız müxtəlif ölkələrlə məhdudlaşmır, daha geniş regional və qlobal risklər yaradır, mülki əhalinin həyatını və infrastruktur obyektlərini təhlükə altına qoyur.
“Münaqişənin coğrafiyasının genişlənməsi təhlükə yaradır və dərhal dayandırılmalıdır. Region dövlətlərinə qarşı zərbələrin davam etməsi parçalanmanı dərinləşdirir və uzunmüddətli sabitliyi sarsıdır”, – deyə nazir qeyd edib.