Böyük Britaniya hökuməti Suriya prezidenti Bəşər Əsədi devirmiş “Həyat Təhrir əş-Şam” (HTŞ) qrupunu qadağan edilmiş terror təşkilatları siyahısından çıxarıb.
”PostMedia” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
HTŞ əvvəllər “Əl-Qaidə” ilə əlaqəli olub və 2017-ci ildə Böyük Britaniya tərəfindən terror təşkilatı kimi tanınıb. Bu, təşkilata dəstək verməyi və ya ona qoşulmağı qanunsuz edirdi.
Keçən ilin dekabrında Britaniya hökuməti bu qadağanın yenidən nəzərdən keçirilə biləcəyini bildirmişdi. İyul ayında isə Tramp administrasiyası HTŞ-nin ABŞ-da “xarici terror təşkilatı” kimi tanınması qərarını ləğv etmişdi.
Böyük Britaniya Əsədin devrilməsini alqışlayan ölkələr sırasına qoşulub.
Qrupun o vaxtkı lideri Əhməd əş-Şəraa hazırda Suriya prezidenti olub. Britaniya hökumətinin bəyanatına görə, HTŞ-nin qadağan olunmuş təşkilatlar siyahısından çıxarılması Londona Suriyanın yeni hökuməti ilə daha sıx əməkdaşlıq qurmağa imkan verəcək.
Bundan əlavə, bu addım Suriyanın kimyəvi silah proqramının ləğvi ilə bağlı əməkdaşlığı da asanlaşdıracaq.
“Böyük Britaniya Suriyada və daha geniş regionda sabitliyi bərpa etmək, terrorla mübarizədə real irəliləyişə nail olmaq və Suriya hökumətini öz addımlarına görə məsuliyyətə cəlb etmək istiqamətində fəaliyyətini davam etdirəcək”, — hökumətin açıqlamasında bildirilib.
Eyni gün Suriyanın iqtisadiyyat naziri Məhəmməd Nidal əş-Şaar Londonda keçirilən konfransda Reuters-ə açıqlamasında ümid etdiyini bildirib ki, yaxın aylarda ABŞ-ın ölkəsinə tətbiq etdiyi sanksiyalar da rəsmi şəkildə ləğv olunacaq.