Füzuli şəhərinin işğaldan azad olunmasının 5-ci ildönümü qeyd edilir.
"PostMedia" xəbər verir ki, Prezident və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində böyük bir zəfərə imza atıb. Vətən müharibəsinin 21-ci günündə, yəni 2020-ci il oktyabrın 17-də Füzuli şəhəri və ətraf kəndləri düşmən işğalından azad edilib.
Bir ay sonra yəni 2020-ci il noyabrın 17-də Prezident İlham Əliyev Füzuli şəhərində Azərbaycan Bayrağını ucaltdı. 2023-cü il 31 iyul tarixində dövlət başçısının imzaladığı Sərəncama əsasən 17 oktyabr Füzuli şəhəri günü kimi qeyd olunur.
Birinci Qarabağ müharibəsi zamanı işğal edilən Füzuli 27 il ərzində ermənilər tərəfindən məhv edilmişdir. Azad olunan digər ərazilərimiz kimi Füzulidə də genişmiqyaslı yenidənqurma və abadlıq işləri aparılır.
Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanı müasir standartlara uyğun inşa olunub və müxtəlif tipli hava gəmilərini qəbul edə bilir.
Tarixi Zəfərimizin əbədi qürur və iftixar mənbəyi olaraq, Füzuli sakinləri də doğma yurdlarına geri dönərək yenidən qurulan evlərdə məskunlaşırlar. Yenidən tikilən və dirçələn Füzuli şəhərinə həyat yenidən qayıdır.