Azərbaycan Respublikası Nazirlər Kabineti “Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə bağlı bəzi normativ hüquqi aktlar haqqında” 2000-ci il 15 mart tarixli, 42 nömrəli Qərarında dəyişiklik edib.
"PostMedia" xəbər verir ki, dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28 sentyabr tarixli, 201 nömrəli Fərmanı ilə təsdiqlənmiş “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nın icrasını təmin etmək məqsədilə edilib.
Qərara əsasən, “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları”nın 2-ci hissəsi yeni redaksiyada təsdiqlənib. Yeni redaksiyaya görə:
“Yay və qış otlaqlarının, örüş və biçənək sahələrinin məqsədli təyinatının dəyişdirilməsi Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28 sentyabr tarixli 201 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”na əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə həyata keçirilir.”
Qeyd edək ki, bu dəyişiklik torpaq ehtiyatlarından daha səmərəli istifadə olunması və torpaqların məqsədli təyinatının hüquqi əsaslarla tənzimlənməsini təmin etməyə yönəlib.