N/A°C Bakı
1$ = 1.70₼
Qarabağ

Azərbaycana səfər edən ermənilər təəsüratlarını bölüşüb

24-noyabr-2025
Amin Şükür
Azərbaycana səfər edən ermənilər təəsüratlarını bölüşüb
Yazı Ölçüsü:
Sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı müzakirələrdə vaxtaşırı müxtəlif çətinliklər ortaya çıxır.
"PostMedia" xəbər verir ki, bunu noyabrın 24-də Bakıdan səfərdən qayıtdıqdan sonra keçirilən mətbuat konfransında Ermənistan vətəndaş cəmiyyəti nümayəndəsi Samvel Meliqsetyan bildirib.
Onun sözlərinə görə, Bakıdakı görüşlər 2024-cü il avqustun 31-də qəbul edilən qaydalar çərçivəsində formalaşmış razılaşmaların və yanaşmaların hələ də qüvvədə olduğunu göstərib:
“Bütün məsələlər addım-addım həll olunmalıdır və ən çətin məsələlər prosesin son mərhələsinə saxlanılmalıdır,” – deyə Meliqsetyan qeyd edib.
O, bildirib ki, ilkin olaraq enklavlar, “üçbucaqlar” və sərhəd xəttinə dair oxşar məsələlər ən çətin mövzular sayılır. Bu məsələlər 2024-cü il qaydalarında və ondan əvvəl həyata keçirilmiş 12,7 km-lik hissədə aparılan delimitasiya prosesinin nəticələrində əks olunmuş yanaşmalara tam uyğun gəlir.
Onun sözlərinə görə, bu mövzular üzrə müxtəlif həll variantları mövcuddur, lakin bütün modellər vahid və universal əsaslara söykənməlidir.
Erməni nümayəndə heyətinin digər üzvü, Boriss Navasardyan isə əlavə edib ki, “çətin məsələlərin sonda həll olunması” fikri onların mütləq şəkildə prosesi sona qədər gözləyəcəyi anlamına gəlmir:
“Əgər enklavlarla bağlı işlək mexanizm tapılsa, bu məsələ prosesdə irəli çəkilə bilər. Hazırda konkret həll yoxdur, müzakirələr davam edir. Bu üzdən onları indidən siyasi gündəmə çıxarmaq düzgün deyil, çünki bu, prosesə mənfi təsir göstərə bilər.”
Xatırladaq ki, noyabrın 21-də Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri Bakıya səfər ediblər. Nümayəndə heyətinə Yerevan Mətbuat Klubunun fəxri sədri Boriss Navasardyan, siyasi analitiklər Areg Koçinyan, Narek Minasyan, Samvel Meliqsetyan və hüquq müdafiəçisi Naira Sultanyan daxil olub.
Bu səfər, oktyabrın 22-də Yerevanda keçirilmiş analoji görüşün cavab addımıdır və Ermənistan–Azərbaycan münasibətlərinin normallaşdırılması çərçivəsində qeyri-rəsmi dialoqun davamı kimi qiymətləndirilir.
Kateqoriyalar