Azərbaycan - Ermənistan sərhədində anklav və eksklav məsələsi hələlik həll olunmayıb
12-noyabr-2025
Nigar Əliyeva
Yazı Ölçüsü:
Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın ofisi Azərbaycan və Ermənistan arasında anklav və eksklav bölgələrinin gələcək statusu ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
PostMedia" xəbər verir ki, Erməni mediasının sorğusuna cavab olaraq verilən açıqlamada qeyd olunur ki, sərhədin bəzi hissələrinin delimitasiyası, yəni dövlət sərhədinin dəqiq müəyyənləşdirilməsi iki ölkə arasında imzalanmış “dövlət sərhədlərinin müəyyənləşdirilməsi və tənzimlənməsi qaydalarına” əsasən həyata keçiriləcək.
“Eyni qaydalar həmçinin komissiyaların qəbul etdiyi qərarların və ya razılaşmaların icrası prosedurunu müəyyən edir. Komissiyalar bu qaydalardan kənar heç bir qərar qəbul etməyib və etməyəcək,” – deyə açıqlamada bildirilib.
Qriqoryanın ofisi həmçinin qeyd edib ki, komissiyaların işi bu qaydalar çərçivəsində aparılır və prosesin gedişi rəsmi şəkildə işıqlandırılır.
Sorğuya cavab olaraq bildirilib ki, hazırda anklav və eksklavların necə həll olunacağı ilə bağlı konkret qərar yoxdur, torpaq mübadiləsi variantı da gündəmdə deyil.
Xatırladaq ki, Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası üzrə danışıqlar bir müddətdir davam edir. Prosesin növbəti mərhələsinin nə vaxt və hansı istiqamətdə aparılacağı barədə dəqiq məlumat açıqlanmayıb.