“Müxalif həmkarlarımızın müzakirələri bir qədər absurd görünür. Çünki Baş nazir Paşinyan üç gün ərzində mübahisəli ərazilər barədə danışmayanda deyirlər ki, niyə bu barədə danışmır, amma danışanda da deyirlər bu nə deməkdir, yəni güzəştə gedəcək?”.
"PostMedia" xəbər verir ki, bunu Ermənistan parlamentinin sədrinin müavini Ruben Rubinyan bildirib.
“Anklav məsələlərinə gəlincə, bunlar delimitasiya komissiyalarının işi çərçivəsində müəyyən edilməlidir. Komissiyalar artıq iş qaydasını qəbul ediblər. Bu, o deməkdir ki, onlar öz aralarında hüquqi əsasları təqdim etməli, müxtəlif sahələr üzrə xəritə və hüquqi sənədləri müqayisə etməli, sonra sərhədlərin müəyyənləşdirilməsi üzrə protokolları imzalamalıdırlar. Bütün bu mərhələlər başa çatdıqdan sonra delimitasiya ilə bağlı müqavilə imzalanacaq. Bu isə seçkilərə qədər baş verməyəcək, çünki bu, uzunmüddətli prosesdir,” – deyə Rubinyan əlavə edib.
Onun sözlərinə görə, delimitasiya prosesi ərazilərin mübadiləsinə imkan verir, lakin əgər belə bir mübadilə nəzərdə tutulmasa, referendum keçirilməsinə ehtiyac yoxdur.
“Əgər proses zamanı hansısa ərazilərin dəyişdirilməsi barədə qərar verilsə, o zaman bu məsələ referendumla həll olunacaq. Hazırda bu istiqamətdə yenilik yoxdur. Ddelimitasiya komissiyalarının son vaxtlar görüşü baş tutmayıb və bu prosesdə hansısa yenilik yoxdur” – deyə o bildirib.