ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonen İravana səfər edib.
"PostMedia" xəbər verir ki, o, çıxışı zamanı bildirib ki, ATƏT Ermənistan və Azərbaycanın Minsk qrupunun buraxılması ilə bağlı birgə müraciətini alqışlayır.
“Biz Azərbaycanla sülhə nail olunması istiqamətində atılmış mühüm addımları, xüsusilə də 8 avqustda Vaşinqtonda əldə olunan razılaşmanı səmimi şəkildə alqışlayırıq. Mən həmçinin ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı birgə müraciəti də alqışlayıram,” – deyə Valtonen vurğulayıb.
O, prosesin dekabrın sonunadək başa çatacağına ümid etdiyini bildirib. Valtonenin sözlərinə görə, ATƏT Ermənistanla onu maraqlandıran sahələrdə əməkdaşlığı davam etdirməyə hazırdır. “Mövcud sülh prosesini möhkəmləndirmək və artıq atılmış ümidverici addımların davamlılığını təmin etmək çox vacibdir,” – deyə o qeyd edib.
Təşkilat tərəfləri sülh müqaviləsi imzalamağa və münasibətləri normallaşdırmağa çağırır ki, bu da davamlı sülhün təmin olunmasına xidmət edəcək.
Qeyd edək ki, 1 sentyabrda ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtonen və ATƏT-in baş katibi Feridun Sinirlioğlu birgə bəyanatla çıxış edərək bildiriblər ki, təşkilat Minsk qrupunu bu ilin 1 dekabrınadək ləğv edəcək. Bu qərar Ermənistan və Azərbaycanın birgə bəyanatı əsasında qəbul olunub.