2016-cı ilin aprelində baş verən və Azərbaycan tarixində mühüm hərbi hadisələrdən biri sayılan Aprel döyüşlərindən 10 il keçir.
"PostMedia" xəbər verir ki, 2016-cı il aprelin 2-dən 5-dək davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu bir sıra strateji yüksəklikləri və yaşayış məntəqələrinin ətrafındakı əraziləri nəzarətə götürüb.
Həmin döyüşlər zamanı Azərbaycan Ordusu xüsusilə "Lələtəpə" yüksəkliyi və Talış kəndi ətrafındakı yüksəkliklər istiqamətində mühüm hərbi üstünlük əldə edib.
Talış yüksəkliyinin təmizlənməsi Goranboy rayonu və Naftalan şəhərinə yarada biləcək təhlükənin dəf edilməsi demək idi.
Ümumilikdə 4 gün ərzində 2000 hektardan çox ərazi ordumuzun nəzarətinə keçib.
Bu mövqelərin azad olunması sonrakı dövrdə regionda hərbi-strateji vəziyyətə təsir göstərib.
Aprel döyüşləri 1994-cü ildə imzalanmış atəşkəsdən sonra cəbhə xəttində baş verən ən böyük toqquşmalardan biri hesab olunur. Hər iki tərəf itkilər versə də, Azərbaycan Ordusunun əldə etdiyi taktiki üstünlük ölkədə geniş ictimai rezonans doğurub.
2016-cı il aprelin 5-də tərəflər arasında atəşin dayandırılması barədə razılıq əldə olunub və döyüşlər dayandırılıb.
Ekspertlər hesab edir ki, Aprel döyüşləri sonrakı illərdə regionda hərbi-siyasi balansın dəyişməsinə və 2020-ci ildə baş verən İkinci Qarabağ müharibəsinə aparan proseslərin mühüm mərhələlərindən biri olub.
Bu hadisələr Azərbaycan cəmiyyətində “dördgünlük müharibə” kimi də xatırlanır və həmin döyüşlərdə həlak olan hərbçilər ölkədə ehtiramla yad edilir.