“Marslı” filmində astronavt Mark Uotni Mars səhrasında insan nəcisinin bir az köməyi ilə Ay torpağında kartof yetişdirərək sağ qalır. Bu fikir elə də qeyri-mümkün görünmür.
"bioRxiv"də dərc olunan ilkin araşdırmada alimlər göstərirlər ki, kartof həqiqətən də Ay tozuna bənzər şəraitdə bitə bilər, baxmayaraq ki, onun inkişafı üçün Yer torpağında rast gəlinən kompostun əhəmiyyətli dərəcədə köməyi tələb olunur.
"Planet Today" yazır ki, NASA-nın daimi Ay bazaları proqramını hazırlayan tədqiqatçıları qida dəyəri yüksək, kalorili və ətraf mühitin müxtəlif şəraitinə uyğunlaşa bilən kartof kimi bitkilərə baxırlar.
Bu iş “uzunmüddətli missiyaların uğurunu təmin etmək üçün cavablandırılması lazım olan suallara dərin analiz təqdim edir”, – deyə NASA-nın reaktiv mühərrik laboratoriyasının Ay üzrə elmçisi Cared Long-Foks bildirib. O, bu işdə iştirak etməyib.
Bu kəşfi etmək üçün alimlər əvvəlcə Ay regolitini – Ay səthini örtən sərbəst, tozlu qatını – laboratoriyada bərpa etməli idilər. Oregon Dövlət Universitetinin (OSU) kosmik bioloqu Devid Hendin və onun həmkarları laboratoriyada bunu Ayın kimyəvi tərkibinə uyğun vulkanik kül və incə mineral qarışıqlarından istifadə edərək həyata keçiriblər.
Lakin Ay regoliti bitkilərin böyüməsi üçün lazım olan üzvi maddədən tamamilə məhrumdur. “Anorganik, qonaqpərvər olmayan kütləni bitkilərin böyüməsini stimullaşdıran bir şeyə çevirmək böyük çağırışdır”, – deyə Florida Universitetinin molekulyar bitki biologiyası üzrə tədqiqatçısı Anna Liza Pol qeyd edib. Ona görə də Hendin və həmkarları regoliti vermikompost – solucanlardan alınmış üzvi tullantılarla zənginləşdiriblər. Onlar müəyyən ediblər ki, qarışımda 5% kompost olması kartofun böyüməsinə imkan verir və eyni zamanda Ay mühitinin stress şəraitini modelləşdirir. Təxminən iki aylıq böyümədən sonra komandası kartofları yığaraq onları dondurub gələcək araşdırmalar üçün üyüdüblər.
Kartofun DNT analizləri stresslə əlaqəli genlərin aktivləşməsini göstərib. Bundan əlavə, bu kartoflarda mis və sinkin daha yüksək konsentrasiyası aşkar olunub ki, bu da onları yemək üçün təhlükəsiz etməyə bilər. Lakin bitkilərin qida dəyəri adi kartofla müqayisədə bənzər olub, bu alimləri təəccübləndirib, çünki onlar qida maddələrinin daha aşağı olacağını gözləyirdilər – bitkilər stress faktorlarını dəf etmək üçün əlavə enerji sərf edə bilərdi, – deyə Hendin bildirib.
Buna baxmayaraq, Long-Foks qeyd edir ki, bu tədqiqat Ayın digər təhlükələrini, məsələn, daimi radiasiya və kosmik vakuumu təkrarlamayıb. O həmçinin sınağın real Ay torpağında, yalnız modelləşdirilmiş torpaqda deyil, təkrar edilməsini görmək istərdi və hesab edir ki, NASA-nın mövcud Ay tədqiqat proqramları buna nail olmağa kömək edə bilər. “Artemis proqramının inkişafı ilə paralel olaraq, Ay torpağının daha böyük və daha müxtəlif nümunələrinin əldə edilməsi həqiqətən vacib olacaq”, – deyə əlavə edib.
Eyni zamanda, Hendinin komandası artıq növbəti sınağa başlayıb. Oregon Dövlət Universitetinin bitki biokimyası üzrə tədqiqatçısı, həmmüəllif Aymerik Goyer bildirir ki, alimlər müxtəlif kartof növlərini sınayaraq Ay torpağında hansı sortların daha yaxşı inkişaf etdiyini müəyyənləşdirməyi ümid edirlər. “Nəticədə genetika mütəxəssisləri kartofun Ay şəraitinə daha yaxşı uyğunlaşmış növlərini seçib yetişdirə biləcəklər”.