2025-ci ilin ilk doqquz ayında Rusiyadan Azərbaycana edilən səfərlərin sayında ciddi azalma qeydə alınıb.
”PostMedia” xəbər verir ki, ATOR Analitik Xidmətinin FSB Sərhəd Xidmətinin statistikasına istinadən yaydığı məlumata görə, bu dövrdə Azərbaycana səfərlər 17,4% azalıb. Bu göstərici yaxın xaric ölkələri arasında ən böyük mənfi dinamika kimi qiymətləndirilir.
Mütəxəssislərin sözlərinə görə, Rusiyadan Azərbaycana edilən səfərlərin böyük hissəsi turistik deyil və əsasən işgüzar səfərlər, ailə ziyarətləri və tranzit marşrutları təşkil edir. Bu səbəbdən turizm axınının azalması ümumi statistikanı daha kəskin göstərir.
Qonşu ölkələr arasında Gürcüstan və Özbəkistan rusiyalı turistlərin sayında ciddi artım qeydə alarkən, Azərbaycan üzrə göstəricilərin aşağı düşməsi diqqət çəkir. Ekspertlər bildirirlər ki, tendensiyanın səbəbləri arasında iqtisadi faktorlar, aviabiletlərin qiyməti və alternativ istiqamətlərin cazibəsinin artması kimi amillər dayanır.
Rəsmi qurumların məlumatına görə, ümumilikdə 2025-ci ilin yanvar–sentyabr dövründə Rusiyadan xaricə 24 milyondan çox səfər edilib və bu səfərlərin 37%-i yaxın xaric ölkələrinin payına düşür. Azərbaycanın isə bu qruplar arasında mənfi dinamika göstərən ölkələrdən biri olması statistik mənzərəni daha da önə çıxarır.