Hesablama Palatası Dövlət Turizm Agentliyinin fəaliyyətində 18,5 milyon manatlıq pozuntu aşkarlayıb.
"PostMedia" xəbər verir ki, bu məlumat Palatanın yaydığı hesabatda yer alıb. Audit prosesində Palata müəyyən edib ki, 2021-2024-cü illərdə dövlət büdcəsindən ayrılan vəsaitlərin icrasında bir sıra hallarda Agentliyin tabeliyində olan qurumların maliyyələşdirilməsi üçün zəruri vəsaitlər ayrılıb, lakin funksiyalar başqa qurumlara ötürülüb.
Agentliyin funksional fəaliyyətinə uyğun olmayan sahələrdə, məsələn, Azərbaycan Turizm və Menecment Universiteti ilə Avstriyanın İMC KREMS Tətbiqi Elmlər Universiteti arasında bağlanmış müqavilələr əsasında 2021-2023-cü illərdə 899,5 min manat xərclənib.
Audit nəticəsində 330 min manatın vahid büdcə təsnifatının tələblərinə uyğun olaraq xərclənmədiyi məlum olub. Qoruqları İdarəetmə Mərkəzinin tabeliyində olan ərazilərdə görülən işlərin maliyyələşdirilməsi üçün Agentlik tərəfindən 835,5 min manat vəsait ödənib.
"Azərbaycan Turizm Bürosu" və "Qoruqların İdarəetmə Mərkəzi" üçün 2023-2024-cü illər üzrə vəsaitlər köçürülüb və bu müddətdə 18,5 milyon manat vəsait ilin sonunda tabelikdəki qurumlara köçürülərək vahid xəzinə hesabına köçürülməyib.
Agentliyin bəzi hallarda vəsaitləri akkreditiv hesablarda saxladığı və büdcəyə qaytarmadığı müəyyən olunub. 2022-ci ildə 3 milyon 89,7 min manat, 2023-cü ildə 8 milyon 789,2 min manat və 2024-cü ildə 921,8 min manat vəsait icra edilmiş işlərə görə ödənilib, lakin yalnız 43,5 min manat büdcəyə qaytarılıb.
Agentliyin mühasibatlığında sabit mühasibat proqramı olmadığı üçün maliyyə uçotu əl ilə aparılıb. Bu da maliyyə hesabatlarında təhriflərə səbəb olub. Təmir və bərpa işlərində planlaşdırılmış işlərdən kənar işlərə vəsait xərclənib, bəzi işlərin dəyəri artırılıb və əlavə vəsaitlər ödənilib.
Respublika səviyyəli tədbirlərdə mövcud norma və tələblərə əməl olunmadığı müəyyən edilib, nəticədə dövlət vəsaitləri artıq xərclənib. Xarici ölkələrdə təbliğat xarakterli məlumatların yerləşdirilməsi ilə bağlı keçirilmiş satınalmalar vəsaitlərin vaxtında icrasına mane olub.