Dövlət Turizm Agentliyi (DTA) Özbəkistan və Qazaxıstandan jurnalistlər, bloggerlər və turizm şirkətləri üçün tanışlıq səfərlərinin təşkili xidmətlərinin satın alınması müsabiqəsinə yekun vurub.
“PostMedia” xəbər verir ki, qalib təşkilatın adı açıqlanmayıb.
Müsabiqə qalibinə Dövlət Turizm Agentliyi tərəfindən 517 763,94 manat ödəniləcək.
Xatırladaq ki, son zamanlar DTA ölkə başçısının bu qurumun sədri Fuad Hümbət oğlu Nağıyevə işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət elan etməsi ilə yadda qalıb.
Mediada yayılan məlumatlara görə, F.Nağıyevin töhmət almasına səbəb kimi Dövlət Turizm Agentliyindən xidməti yazışmaların sızdırılması göstərilir.
Bu ilin martın 4-də Dövlət Turizm Agentliyi Aparatının əməkdaşı Nicat Hüseynov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən şübhəli şəxs kimi tutulub və məhkəmə qarşısına çıxarılaraq Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib.
O, xidməti fəaliyyət zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə ittiham olunur.
Eyni zaçanda Agentliyin bir sıra vəzifəli şəxsləri, o cümlədən Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov, Turizm siyasəti və strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov vəzifələrindən uzaqlaşdırılıb.