“Enerji idarəetmə sistemləri, nəqliyyat şəbəkələri, səhiyyə və təhsil kimi strateji sahələrdə rəqəmsal texnologiyaların geniş tətbiqi bu strukturların kibermühafizə baxımından risk qrupuna daxil olmasına səbəb olur”.
“PostMedia” xəbər verir ki, bu fikirləri Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi, general-leytenant İlqar Musayev “Kritik İnfrastrukturun Müdafiə Yarışı” (CIDC-2025) çərçivəsində keçirilən konfransda səsləndirib.
O bildirib ki, kibertəhlükəsizlik artıq milli təhlükəsizliyin ayrılmaz tərkib hissəsinə çevrilib:
“Bu gün enerji sistemi, nəqliyyat infrastrukturu, səhiyyə və təhsil şəbəkələri sürətlə rəqəmsal mühitə inteqrasiya olunur. Lakin rəqəmsallaşan hər bir sistem eyni zamanda kibermühitdə risk daşıyır. Bu səbəbdən ‘Ağıllı şəhərlərdə kibermüharibə’ yarışı yalnız yarış xarakteri daşımır, həm də bilik mübadiləsi, təcrübə qazanmaq və əməkdaşlıq üçün ciddi platforma rolunu oynayır”.
İlqar Musayev əlavə edib ki, son illərdə dünya və regionda müşahidə edilən geosiyasi və texnoloji dəyişikliklər dövlətləri kritik infrastrukturun müdafiəsinə daha ciddi yanaşmağa vadar edib:
“CIDC-2025 çərçivəsində həyata keçirilən təşəbbüslər kritik informasiya sistemlərinin müdafiə imkanlarını gücləndirməyə, böhran situasiyalarında idarəetmə mexanizmlərini sınaqdan keçirməyə və innovativ yanaşmaları tətbiq etməyə imkan yaradır”.
O qeyd edib ki, bu platforma Azərbaycanın kibertəhlükəsizlik sahəsində mövqelərini möhkəmləndirməklə yanaşı, yeni trendlərin və imkanların yaranmasına şərait yaradır.