"Gemini"də yeni pulsuz funksiya - Fotoları redaktə etmək mümkün olacaq
29-avqust-2025
Turan Hüseynli
Yazı Ölçüsü:
"Google Gemini" neyroşəbəkəsinə daxili süni intellekt foto redaktoru təqdim edib.
"PostMedia" xəbər verir ki, bu funksiya bütün istifadəçilərə pulsuzdur.
Funksiya şəkilləri dəqiq redaktə edə və mətn təsvirinə əsaslanaraq realistik görüntülər yarada bilir. Əvvəllər bəzi istifadəçilərdə bu funksiya "nano-banana" kod adı ilə görünürdü, indi isə şirkət bildirib ki, bu, "Gemini 2.5 Flash" böyük yeniləməsinin bir hissəsidir.
Neyroşəbəkə redaktə prosesini daha sürətli və rahat edir. O, verilən tapşırıqları dəqiq yerinə yetirir, detalları və personajların görünüşünü qoruyur, amma eyni zamanda onların geyimini, pozasını və s. dəyişə bilir. Məsələn, fotodakı köynəyin rəngini dəyişmək istəsəniz, başqa süni intellektlərdə tez-tez baş verən səhvlərdən fərqli olaraq, sistem bunu fonu və ya üz cizgilərini təhrif etmədən həyata keçirir.
Bu texnologiya layihələrin vizuallaşdırılmasında da faydalı ola bilər – məsələn, ev və ya bağ dizaynı. Model müxtəlif mənbələrdən elementləri birləşdirərək, mebel, interyer və rəng palitrasını vahid bir obrazda təqdim edə bilir.
Şirkət vurğulayıb ki, qoruyucu tədbirlər nəzərə alınıb – yəni bu funksiya ilə intim məzmun yaratmaq mümkün olmayacaq. Bundan əlavə, bütün şəkillərə avtomatik olaraq su nişanları (watermark) və metadata identifikatorları əlavə olunub.
"Gemini 2.5 Flash Image" funksiyası bir həftə ərzində bütün "Gemini" istifadəçiləri üçün əlçatan olacaq. Xatırladaq ki, hazırda bu neyroşəbəkə yalnız xarici IP vasitəsilə istifadə olunur.