"Azərbaycanda təxminən 20 qurum "SİMA KYC" xidmətindən istifadə edir".
"PostMedia" xəbər verir ki, bunu Bakıda keçirilən "Fintech" forumunda çıxış edən "AzInTelecom"un Məhsul və Xidmətlər Şöbəsinin müdiri Tamerlan Məşədihəsənli bildirib.
T.Məşədihəsənlinin sözlərinə görə, banklar və digər maliyyə qurumları "SİMA KYC" sayəsində vətəndaşların şəxsiyyətini real vaxt rejimində yüksək dəqiqlik və etibarlılıqla təsdiqləyə bilirlər:
"Ölkəmizdə təxminən 20 qurum artıq bu texnologiyadan istifadə edir. Bu məhsul banklar və digər maliyyə qurumları üçün şəffaf və təhlükəsiz identifikasiya imkanı formalaşdırır. SİMA KYC Mərkəzi Bankın “Məsafədən bank hesabının açılması” tələblərinə tam uyğundur. Məhsulu inteqrasiya edən qurumlar bu vasitə ilə ikifaktorlu autentifikasiya imkanına sahib olurlar. Vətəndaşlar isə istənilən yerdən, istənilən vaxt mobil cihaz və ya kompüter vasitəsilə bank hesabı aça və digər əməliyyatları yerinə yetirə bilirlər.
Qeyd edim ki, biz artıq bu məhsulu dövlət sektorunda da tətbiq edirik. Elə bu günlərdə keçirilən müəllimlərin sertifikasiya imtahanı zamanı SİMA KYC-dən istifadə olunub. Belə ki, başqasının əvəzinə imtahana girmə hallarının qarşısını almaq məqsədilə iştirakçıların kimliyi məhz SİMA texnologiyası ilə anında təsbit edilib".