Son iki ildə rəqəmsallaşma və süni intellektlə bağlı 200-dən çox normativ-hüquqi akt qəbul edilib.
"PostMedia" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Elmin Məmmədov "Azərbaycan Hakimlərinin II Forumu"nda deyib.
Onun sözlərinə görə, həmin normativ-hüquqi aktların hesabına biz bu günləri deyə bilərik ki, rəqəmsal mühitdə formalaşan istənilən sənədlər, şəxsiyyət vəsiqəsi, təhsil sənədləri, əmlak sənədləri, sosial təminatla bağlı məqamlar, artıq fiziki daşıyıcıda təqdim olunan sənədlərə tam bərabər hüquqi qüvvəyə malik olduğu qanunla təsbit olunub.
O qeyd edib ki, eyni zamanda infrastruktur quruculuğu ilə bağlı kifayət qədər işlər görülüb: "Son iki ilin əsas istiqaməti mərkəzi infrastrukturun gücləndirilməsinə yönəldilib. Birinci növbədə hədəf kimi nəzərdə tutulmuş infrastruktur obyekti Elektron Hökumət İnformasiya Sistemidir. Elektron Hökumət İnformasiya Sistemi dövlət orqanlarında, dövlət qurumlarında sistemlərarası proseslərin rəqəmsal mühitdə mübadiləsini həyata keçirir. Bu həm sənəd xarakterli məsələləri əhatə edir, həm də məlumat xarakterli məsələləri əhatə edir. Bugünkü cari vəziyyət onu deməyə əsas verir ki, demək olar çox az bir sayda informasiya sistemi Elektron Hökumət İnformasiya Sistemindən kənar qalıb".
