Bir qrup naməlum şəxs MDB müşahidə missiyasının üzvlərindən Ermənistanın Armavir vilayətində yerləşən seçki məntəqələrindən birinə səfərlə bağlı tərtib edilmiş protokolu məhv etməyi tələb edib.
"PostMedia" xəbər verir ki, bu barədə "RIA Novosti"yə Rusiyanın Mərkəzi Seçki Komissiyasının üzvü Lyudmila Markina məlumat verib. O, eyni zamanda MDB müşahidə missiyasının tərkibində də fəaliyyət göstərib.
Markinanın sözlərinə görə, missiyanın işi çərçivəsində aşkar edilən nöqsanlar və pozuntular barədə protokollar tərtib olunur. Müşahidəçilər pozuntu aşkarladıqdan sonra müvafiq protokol hazırlayıblar. O bildirib ki, seçki məntəqəsi komissiyasının bəzi üzvləri bunu gördükdən sonra onların qarşısını kəsərək protokolların məhv edilməsini tələb ediblər.
Müşahidə missiyasının üzvləri isə öz səlahiyyətləri çərçivəsində fəaliyyət göstərdiklərini əsas gətirərək sənədi məhv etməkdən imtina ediblər. Markina qeyd edib ki, hadisə zamanı məntəqədə olan polis əməkdaşları vəziyyətə müdaxilə etməyiblər.
“Bu, son dərəcə xoşagəlməz vəziyyət idi. İnsanlar təşkilatlanmış şəkildə, heç bir tanıtım nişanı olmadan müşahidəçilərin ətrafını mühasirəyə almışdılar”, – deyə o vurğulayıb.
Onun sözlərinə görə, insident Armavir vilayətində yerləşən 16/25 saylı seçki məntəqəsində baş verib. Burada missiya nümayəndələri müəyyən xırda nöqsanlar aşkarlayaraq seçki komissiyası üzvlərinin diqqətini həmin məsələlərə yönəldiblər.
Markina əlavə edib ki, hadisə sonda dinc şəkildə həll olunub, lakin missiya üzvləri həmkarlarının təhlükəsizliyi ilə bağlı ciddi narahatlıq keçiriblər. O qeyd edib ki, qrupun tərkibində qadınlar da var idi, hadisə başqa ölkədə və uzaq bir bölgədə baş verdiyi üçün narahatlıq daha da artmışdı.