—°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

HiTech

Çin peyklərə zərbə endirmək üçün mikrodalğalı silah yaratdığını açıqlayıb

06-fevral-2026
Türkan Nəbi
Çin peyklərə zərbə endirmək üçün mikrodalğalı silah yaratdığını açıqlayıb
Yazı Ölçüsü:

Çinli alimlər Yerə yaxın orbitdə yerləşən peykləri sıradan çıxara bilən mikrodalğalı silah hazırlayıblar. Bu barədə South China Morning Post nəşri məlumat yayıb.

Məlumata görə, TPG1000Cs adlanan qurğu Sian şəhərində yerləşən Şimal-Qərb Nüvə Texnologiyaları İnstitutunda hazırlanıb. Sistem bir dəqiqə ərzində 20 giqavatadək gücə malik impulslar yarada bilir ki, bu da ekspertlərin fikrincə, peyk qruplaşmalarının, o cümlədən Starlink şəbəkəsinin işini pozmaq və ya sıradan çıxarmaq üçün kifayətdir.

Bildirilir ki, qurğu nisbətən kompaktdır – uzunluğu 4 metr, çəkisi isə 5 ton təşkil edir. Bu da onu yük maşınına, hərbi gəmiyə, təyyarəyə, hətta kosmik aparata yerləşdirməyə imkan verir. Kosmosda yerləşdirildiyi təqdirdə, onun zərbəsini aşkar etmək və qarşısını almaq xeyli çətin olacaq. Qeyd olunur ki, əvvəlki analoji sistemlər daha ağır idi və üç saniyədən artıq işləyə bilmirdi.

Yeni silah haqqında məlumat kosmosun mümkün hərbiləşdirilməsi ilə bağlı artan narahatlıqlar fonunda yayılıb. Fevralın əvvəlində rusiyalı təbliğatçı Vladimir Solovyov dövlətə məxsus “Rossiya 1” telekanalında çıxış edərək, Ukraynanın istifadəsində olan Starlink peyklərini “qanuni hədəf” adlandırmış və onların kosmosda nüvə partlayışı ilə məhv edilməsi ideyasını səsləndirmişdi.

Eyni zamanda, ABŞ Kosmik Qüvvələrinin 2025-ci ilin mart hesabatında Çinin hərbi kosmik imkanlarının sürətlə artdığı vurğulanır. Hesabata görə, 2015-ci ildən bu yana Çinin kosmik əməliyyatları 620% artıb və ölkənin minlərlə peykdən ibarət donanması mövcuddur. Sənəddə həmçinin qeyd olunur ki, Çin Xalq Azadlıq Ordusu kosmosdakı imkanları mümkün regional münaqişələr zamanı çəkindirmə vasitəsi kimi nəzərdən keçirir.

Kateqoriyalar